Azərbaycan, Bakı, 20 noyabr /Trend/
Bu gün Şamaxı şəhərində vergi sahəsində məlumatlandırma, maarifləndirmə və təbliğat işlərini gücləndirmək, vətəndaşlarda yüksək vergi mədəniyyətini formalaşdırmaq və bu işə ictimaiyyətin geniş təbəqələrini cəlb etmək məqsədilə Azərbaycan Təhsil Nazirliyinin dəstəyi ilə seçilmiş Şamaxı, Qobustan və Ağsu rayonlarının ümumtəhsil məktəblərinin müəllimlərinə "vergi dostu" sertifikatı və kompüterlərin təqdim edilməsi ilə bağlı tədbir keçirilib.
Vergilər Nazirliyinin Analitik-informasiya şöbəsindən Trend-ə verilən məlumata görə, tədbiri giriş sözü ilə açan vergilər nazirinin müşaviri Ələkbər Məmmədov vergi ödəyicilərinə göstərilən xidmətlər və bu sahədə Vergilər Nazirliyi tərəfindən həyata keçirilən layihələr, "Azərbaycan 2020: Gələcəyə baxış" İnkişaf Konsepsiyası və Konsepsiyada Vergilər Nazirliyinə aid nəzərdə tutulmuş tədbirlərin icrası məqsədilə qəbul olunmuş "2013-2020-ci illərdə vergi sisteminin İnkişaf Strategiyası" haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib.
Ə.Məmmədov nazirlik tərəfindən ərazi vergilər idarələrinin və Vergi ödəyicilərinə xidmət mərkəzlərinin yerləşdiyi şəhər və rayon mərkəzləri istisna olmaqla, kənar kənd və qəsəbələrdə ictimaiyyətin daha aktiv üzvü olan müəllimlərdən ibarət "Vergi dostları" şəbəkəsinin yaradılması barədə məlumat verib. O, gənc nəslin vergilər haqqında biliklərinin artırılmasında, şagird və tələbələr arasında vergi mədəniyyətinin formalaşdırılmasında onların öz üzərlərinə götürdüyü öhdəliyin vacibliyi barədə də danışıb. Qeyd olunub ki, indiyədək respublika üzrə 1330 nəfər müəllimə müvafiq təlim keçilib və "vergi dostu" sertifikatı təqdim olunub.
"Vergi dostu" olan şəxs yaşadığı ərazidə əhali arasında vergilərə dair məlumatlandırma, maarifləndirmə və təbliğat işlərini həyata keçirir, vergi sistemində tətbiq olunan elektron xidmətlər barədə vergi ödəyicilərini məlumatlandırır, uşaq və gənclərə vergilərin əhəmiyyətini izah edir.
Vergi ödəyicilərinə xidmət idarəsinin rəis müavini Elçin Məmmədov çıxış edərək bildirib ki, müasir vergi siyasətinin əsas istiqamətlərindən biri məcburi vergi yığımlarından könüllü vergi ödəmələrinə keçidi təmin etməkdir. Bu məqsədlə vergi orqanları vergi ödəyiciləri arasında vergi mədəniyyətini yüksəltmək və vergi sahəsində təbliğat, məlumatlandırma və maarifləndirmə işini gücləndirir. Məqsəd vergi ödəyicilərinin istənilən vaxt, istənilən yerdən onlara lazım olan məlumatlara çıxışını təmin etməkdir.
Sonra təlimi müvəffəqiyyətlə başa vurmuş 65 nəfər "vergi dostu"na üzvlük sertifikatı, "vergi dostu"nun yaddaş kitabçası və kompyuterlər təqdim olunub, onlar əməkdaşlıq barədə öhdəlik vərəqələrini imzalayıblar. Beləliklə, respublika üzrə "vergi dostları"nın ümumi sayı 1395 nəfərə çatıb.