Azərbaycan, Bakı, 16 dekabr /Trend/
Bu gün Bakı Biznes Tədris Mərkəzinin Qazax nümayəndəliyinin təşkilatçılığı ilə Qazax rayonunda sahibkarlar və sahibkarlıq fəaliyyətinə yeni başlayanlar üçün "Qazax rayonunda üzümçülüyün inkişaf perspektivləri", "Logistika", "İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər" mövzularında treninq keçirilib.
İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, treninqdə "2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı", Qazax rayonunun iqtisadi pasportu, kənd təsərrüfatında ixtisaslaşmanın xüsusiyyətləri, ekoloji təmiz üzüm istehsalının təşkili prinsipləri və s. barədə ətraflı məlumat verilib.
Tədbirdə, həmçinin logistikanın mahiyyəti və məqsədi, logistikanın növləri, logistik mərkəzlərin aqrar-sənaye kompleksinin inkişafında rolu və s. barədə ətraflı məlumat iştirakçıların diqqətinə çatdırılıb.
Eyni zamanda, treninq iştirakçıları İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər, www.icazeler.gov.az, www.b2b.az elektron portalları və onlardan istifadə qaydaları, portalların biznesin səmərəli təşkili və inkişafı üçün yaratdığı imkanlar, o cümlədən "İnvestisiya layihələrinin maliyyələşdirilməsi ilə əlaqədar elektron idarəetmə sistemi" və s. barədə məlumatlandırılıblar.
Tədbir çərçivəsində iştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanıb onları maraqlandıran suallar cavablandırılıb.