Azərbaycan, Bakı, 27 mart /Trend/
Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Ukrayna iqtisadiyyatına hər il 1 milyard avro investisiya yatırmağı planlaşdırır. Trend-in məlumatına görə, bu barədə İTAR-TASS AYİB-in mətbuat xidmətinə istinadən xəbər verir.
Məlumatda deyilir: "Bank yaxın bir neçə il ərzində ildə təqribən 1 milyard avro investisiya yatıra bilər. Bununla da bank investisiyalarının həcmini əvvəl nəzərdə tutulmuş 550 milyon avrodan 750 milyon avroyadək artıracaq".
AYİB-dən bildiriblər ki, investisiyaların həcminin artırılması beynəlxalq ictimaiyyətin reaksiyası kontekstində və Ukraynanın Beynəlxalq Valyuta Fondu ilə makroiqtisadi stabilləşdirmə proqramı üzrə sazişi çərçivəsində nəzərdə tutulub.
Hazırda AYİB-in Ukraynada investisiya portfeli 4,7 milyard avro təşkil edir, 182 layihə həyata keçirilir.