...

"PAŞA Həyat"ın maarifləndirmə layihəsi üzrə ilk təlimi keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Aprel 2014 18:00 (UTC +04:00)
“PAŞA Həyat Sığorta” ASC tərəfindən bu ilin aprel ayının 2-3-də Azərbaycan Universitetində keçirilmiş Master Klass təlimi başa çatıb.
"PAŞA Həyat"ın maarifləndirmə layihəsi üzrə ilk təlimi keçirilib

Azərbaycan, Bakı, 4 aprel /Trend/

"PAŞA Həyat Sığorta" ASC tərəfindən bu ilin aprel ayının 2-3-də Azərbaycan Universitetində keçirilmiş Master Klass təlimi başa çatıb.

Şirkətin Trend-ə İctimaiyyətlə Əlaqələr Xidmətindən verilən məlumata görə, "Sığorta və sığorta mədəniyyəti mövzusunda keçirilən təlimin açılışında iştirak edən Azərbaycan Universitetinin rektoru Eldar Qəhrəmanov "PAŞA Həyat Sığorta" ASC tərəfindən tələbələrlə bağlı həyata keçirilən maarifləndirmə işlərini yüksək qiymətləndirib: "Bu təlim tələbələri daha dəqiq istiqamətlərə yönəltməklə əmək bazarına ilk addımlarını atan gənclərə böyük dəstək ola bilər. Azərbaycan Universitetinin tələbələri təhsil aldıqları dövrdə universitetin tərəfdaşları ilə sıx əlaqələrindən faydalanaraq karyeralarını daha uğurlu qurmaq imkanı əldə edirlər. Master Klassın bizim Universitetdə təşkil edilməsini "PAŞA Həyat"la Azərbaycan Universiteti arasında böyük bir əməkdaşlığın başlanğıcı kimi qiymətləndirirəm. Ümidvaram ki, bundan sonra da "PAŞA Həyat"la əməkdaşlığımız uğulu və davamalı olacaq".

Açılışda "PAŞA Həyat Sığorta" ASC-nin strateji inkişaf üzrə direktoru İsrail Qarayev də çıxış edib. Azərbaycan sığorta bazarının mövcud inkişaf tendensiyasından, dövlətin sığorta sektoruna olan diqqət və qayğısından danışan İ.Qarayev bu sahədə aparılan islahatların uğurlu və məqsədə uyğun olduğunu qeyd edib.

İ.Qarayev daha sonra "PAŞA Həyat Sığorta" şirkətinin tələbələrlə bağlı həyata keçirilən maarifləndirmə layihəsi barədə məlumat verib.

O, qeyd edib ki, bu təlim "PAŞA Həyat Sığorta"nın maarifləndirilmə sahəsində uğurlu layihələrindən biridir. Layihənin icrasına 2013-cü ilin iyul ayından start verilib və həmin vaxtdan indiyədək 150-dən çox tələbə şirkətin təşkil etdiyi təlimlədə iştirak edib. Layihədə əsas məqsəd tələbələrin sığortaya, o cümlədən həyat sığortası sahəsinə olan maraqlarını, həmçinin bilik, bacarıq və qabiliyyətlərini artırmaqdır.

Qeyd edək ki, iki gün davam edən təlimdə tələbələrə sığorta haqqında ümumi məlumatlar, sığortanın hüquqi bazası, sığorta mədəniyyəti, sığorta müqavilələrinin hazırlanması, sığortaçının hüquq və öhdəlikləri, sığorta sektoru, Azərbaycan və xarici sığorta bazarlarının inkişaf istiqamətləri və mövcud vəziyyəti haqqında ətraflı məlumat verilib. Təliminin sonunda tələbələrə müvafiq sertifikatlar təqdim olunub və xatirə şəkilləri çəkilib.

"PAŞA Holding" Şirkətlər Qrupunun ən gənc və uğurlu üzvlərindən biri olan "PAŞA Həyat Sığorta" ASC 2011-ci il fevral ayının 14-dən fəaliyyət göstərir. Cari ilin aprel ayının 1-nə şirkətin nizamnamə kapitallının həcmi 40,250 mln. manat təşkil edir. Hazırda şirkət müştərilərə istehsalatda bədbəxt hadisələrdən icbari sığorta, həyatın müddətli sığortası, yığım tərkibli yaşam sığortası, hətta sağalmaz xəstəliklərdən sığorta və digər könüllü həyat sığortası məhsulları təklif edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti