Azərbaycan, Bakı, 30 aprel /Trend/
İqtisadiyyat və Sənaye Nazirliyinin Bakı Biznes Tədris Mərkəzi tərəfindən sahibkarların maarifləndirilməsi istiqamətində keçirilən kompleks tədbirlər çərçivəsində növbəti treninq aprelin 30-da Qazax rayonunda təşkil edilib.
Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Bakı Biznes Tədris Mərkəzinin Qazax nümayəndəliyinin təşkilatçılığı ilə keçirilmiş treninqdə sahibkarlar və sahibkarlıq fəaliyyətinə yeni başlayanlar iştirak ediblər.
Tədbirdə çıxış edənlər Qazax rayonunda üzümçülüyün inkişaf perspektivlərinə, logistika və İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən göstərilən elektron xidmətlərə dair təqdimatlarla çıxış edib, iştirakçılara kənd təsərrüfatında ixtisaslaşma, xüsusiyyətləri, ekoloji təmiz üzüm istehsalının təşkili prinsipləri, logistik mərkəzlərin yaradılması, www.icazeler.gov.az, www.b2b.az elektron portalları, həmçinin investisiya layihələrinin maliyyələşdirilməsi ilə əlaqədar elektron idarəetmə sistemi və s. barədə məlumat veriblər.
Treninqdə Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.