Azərbaycan, Bakı, 15 may /Trend/
Azərbaycanın ən iri banklarından biri olan PAŞA Bank Gəncə şəhərində yeni Biznes Mərkəzinin fəaliyyətinə dair lisenziya alıb. Bu barədə Trend-ə bankdan məlumat verilib.
Bankın digər Biznes Mərkəzlərində olduğu kimi, PAŞA Bankın yeni şöbəsində də tam çeşidli bank xidmətləri göstəriləcək: kreditin rəsmiləşdirilməsi, hesablama-kassa xidməti, bank kartlarının verilməsi və xidmət göstərilməsi, kapital bazarına çıxışın təmin olunması, ticarət maliyyələşdirilməsi məsələləri üzrə konsultasiyaların keçirilməsi, vəsaitlərin depozitə yerləşdirilməsi və s.
PAŞA Bankın İdarə Heyətinin Sədri Fərid Axundovun sözlərinə görə, ölkənin qərbində ilk Biznes Mərkəzinin açılmasında məqsəd bu və ətraf rayonlarda fəaliyyət göstərən sahibkarları maliyyə vəsaitlərindən istifadə imkanları ilə təmin etməkdir.
F. Axundov yekunda bildirdi: "Hal-hazırda biz PAŞA Bank kimi etibarlı və güclü tərəfdaşın dəstəyinə ehtiyac duyan iqtisadiyyatın real sektoru ilə işimizi davam etdiririk. Kiçik və orta biznes nümayəndələri (KOB) ilə əməkdaşlığa xüsusi önəm verilir, çünki bu sektorda çox böyük potensialın olduğunu görürük. PAŞA Bankın Gəncədəki yeni Biznes Mərkəzində yerli biznesin keyfiyyətli və sabit inkişafına lazım olan tam xidmətlər spektrini təqdim edirik".
PAŞA Bankın yeni Biznes Mərkəzi Gəncə şəhəri, Nizami rayonu, Atatürk prospekti 242 ünvanında yerləşir. Yaxın gələcəkdə Zaqatala şəhərində tam çeşidli bank xidmətlərini göstərəcək Bankın daha bir ofisinin açılması planlaşdırılır.
PAŞA Bank - Azərbaycanın aparıcı korporativ bankıdır. 2007-ci ildə təsis olunmuş Bank, geniş spektrli korporativ bank xidmətlərini göstərir, eləcə də; kreditlərin verilməsi, qiymətli kağızlar bazarında əməliyyatlar, aktivlərin idarə olunması və xəzinədarlıq xidmətləri. Baş ofis və beş filial ilə təmsil olunan PAŞA Bankda 268 əməkdaş çalışır. "Europe Banking Awards" 2011, 2012, 2013 çərçivəsində Bank "Azərbaycanın ən yaxşı İnvestisiya Bankı" elan olunmuşdur, 2013-cü ildə isə "World Finance" tərəfindən "Best Private Bank in Azerbaijan" adına layiq görülmüşdür.
PAŞA Bank Azərbaycanın iri investisiya Holdinqi olan və sığorta, inşaat, inşaat materiallarının istehsalı, turizm və eləcə də biznesin digər sahələrində geniş təmsil olunan PAŞA Şirkətlər Qrupunun bir hissəsidir. Azərbaycanın pərakəndə bankçılıq bazarının iri banklarından biri olan Kapital Bank da PAŞA Şirkətlər Qrupuna aiddir.