...

Samir Şərifov: AİB 15 il ərzində Azərbaycana 1,7 milyard dollar vəsait yatırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 İyun 2014 20:10 (UTC +04:00)
Asiya İnkişaf Bankı (AİB) 1999-cu ildən Azərbaycandakı layihələrə 20 kredit və 1 qrant sazişi çərçivəsində 1,7 milyard dollar vəsait qoyub.
Samir Şərifov: AİB 15 il ərzində Azərbaycana 1,7 milyard dollar vəsait yatırıb

Azərbaycan, Bakı, 9 iyun /Trend, müxbir E.Əliyev/

Asiya İnkişaf Bankı (AİB) 1999-cu ildən Azərbaycandakı layihələrə 20 kredit və 1 qrant sazişi çərçivəsində 1,7 milyard dollar vəsait qoyub. Trend-in məlumatına görə, bunu maliyyə naziri Samir Şərifov Azərbaycanın AİB-ə üzv olmasının 15 illiyinə həsr edilmiş qəbulda deyib.

Onun sözlərinə görə, ilin əvvəlinə olan vəziyyətə əsasən, bankla kredit sazişləri üzrə 1,334 milyard dollar vəsait mənimsənilib: "İstifadə edilmiş vəsaitin həcmi təqribən 570 milyon dollar olub".

Nazir qeyd edib ki, Azərbaycanın müstəqilliyi bərpa edildikdən sonra qlobal iqtisadi sistemə səmərəli inteqrasiya iqtisadi siyasətin strateji məqsədi seçilib: "Şübhəsiz ki, bu məqsədə beynəlxalq maliyyə institutları ilə əməkdaşlıq etmədən nail olunmaq mümkün deyildi".

S.Şərifov bildirib ki, ölkəmiz AİB-də paya sahiblik üzrə dünyada 26-cıdır və bu göstərici üzrə region ölkələri arasında 18-cidir: "AİB hökumətlə birgə infrastruktur layihələrin reallaşdırılmasında və islahatların aparılmasında fəal iştirak edib. Bu layihələr nəqliyyat, su təchizatı və digər istiqamətləri əhatə edib. AİB layihələri dövlət və özəl sektora aiddir. 2004-cü ildən isə bankın Bakıda nümayəndəliyi fəaliyyət göstərir".

Nazir əlavə edib ki, Azərbaycan dayanıqlı iqtisadi inkişaf hədəfinə çatmaq üçün AİB ilə əməkdaşlığı möhkəmləndirməyi davam etdirmək niyyətindədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti