Azərbaycan, Bakı, 30 iyun /Trend/
İyunun 28-29-da Bakı Biznes Tədris Mərkəzində "Azərbaycan Respublikasında biznesin idarə olunması sahəsində kadrların ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan birgə Proqramı" çərçivəsində sahibkar və gənc menecerlər üçün beynəlxalq seminar keçirilmişdir.
İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, ixtisasartırma kurslarının səmərəliliyinin qiymətləndirilməsinə həsr edilmiş tədbirdə İqtisadiyyat və Sənaye Nazirliyinin, Almaniyanın Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) və müvafiq tədris mərkəzlərinin nümayəndələri, eləcə də 2013-cü ildə Almaniyada "İqtisadi kooperasiya" üzrə ixtisasartırma kursları keçmiş 35-dən çox sahibkar və gənc menecerlər iştirak etmişdir.
Seminarda çıxış edən İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri Zaur Qasımov, Regionların inkişafı və dövlət proqramları şöbəsinin müdiri Elşən Əsədov, Bakı Biznes Tədris Mərkəzinin direktoru Akif Fərruxov, Almaniyanın Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) layihələr üzrə rəhbəri Ronald Şults, GİZ-in meneceri Ulrike İrmgard Fromm və beynəlxalq ekspert Vladislav Belov, Almaniyanın tədris mərkəzlərinin nümayəndələri "Azərbaycan Respublikasında biznesin idarə olunması sahəsində kadrların ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan birgə Proqramı" və ixtisasartırma kurslarının uğurlu nəticələri barədə məlumat vermişlər.
Qeyd edilmişdir ki, proqramın icra olunduğu 5 il ərzində iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən 198 sahibkar və gənc menecer Almaniyanın Karl Dyusberq, Baden-Vüttenberq və digər tədris mərkəzlərində təlim keçmiş, Berlin, Bonn və s. şəhərlərindəki müəssisələrdə qabaqcıl təcrübə ilə tanış olmuşlar.
Tədbirdə ixtisasartırma kursunda iştirak etmiş menecerlər təqdimatla çıxış etmiş, Proqram çərçivəsində Almaniyanın müvafiq şirkətləri ilə yaradılmış işgüzar əlaqələr və imzalanmış biznes müqavilələri barədə iştirakçılara məlumat vermişlər.
Qeyd edək ki, 2014-cü ilin oktyabr-noyabr aylarında "Azərbaycan Respublikasında biznesin idarə olunması sahəsində kadrların ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan birgə Proqramı" çərçivəsində sahibkarların və menecerlərin "İqtisadi kooperasiya" üzrə ixtisasartırma kurslarına göndərilməsi məqsədi ilə 30 iyun 2014-cü il tarixində namizədlərin seçilməsi üzrə müsabiqə başlanmışdır.
2 gün davam edəcək müsabiqədə Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrində fəaliyyət göstərən 53 sahibkar və gənc menecer iştirak edir. Müsabiqənin nəticələri barədə ictimaiyyətə məlumat veriləcəkdir.