...

Azərbaycan və Türkiyə toxumçuluq üzrə normativ hüquqi aktları uyğunlaşdırmaq prosesini sürətləndirirlər

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Sentyabr 2014 17:12 (UTC +04:00)
Azərbaycan Elmi Tədqiqat Əkinçilik İnstitutunda ölkədə toxumçuluğun mövcud vəziyyəti və toxumçuluq fəaliyyətinin beynəlxalq standartlara uyğunlaşdırılmasına həsr edilmiş təlim seminarı keçirilib.
Azərbaycan və Türkiyə toxumçuluq üzrə normativ hüquqi aktları uyğunlaşdırmaq prosesini sürətləndirirlər

Azərbaycan, Bakı, 16 sentyabr /Trend/

Azərbaycan Elmi Tədqiqat Əkinçilik İnstitutunda ölkədə toxumçuluğun mövcud vəziyyəti və toxumçuluq fəaliyyətinin beynəlxalq standartlara uyğunlaşdırılmasına həsr edilmiş təlim seminarı keçirilib.

Kənd Təsərrüfatı Nazirliyindən Trend-ə verilən məlumata görə, tədbirin məqsədi Azərbaycan Kənd Təsərrüfatı və Türkiyə Ərzaq, Kənd Təsərrüfatı və Heyvandarlıq nazirlikləri arasında yaradılmış Azərbaycan-Türkiyə Kənd Təsərrüfatı İcra Komitəsinin cari ilin 9-11 iyun tarixlərində Ankara şəhərində baş tutmuş 7-ci iclasının protokolundan irəli gələn məsələlərin müzakirəsi olub. Protokolda təsbit edilmiş müddəalarda Türkiyədə tətbiq olunan toxumun qeydiyyat və sertifikatlaşdırma sisteminə oxşar modelin ölkəmizdə tətbiqi, iki ölkə arasında toxumçuluqla bağlı normativ hüquqi aktların uyğunlaşdırılması prosesinin sürətləndirilməsi, Azərbaycanda kənd təsərrüfatı bitkiləri toxumçuluğunun Beynəlxalq Toxum Sınağı Assosiasiyası (ISTA) və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) standartlarına uyğunlaşdırılmasına köməklik göstərilməsi, toxumçuluq fəaliyyətlərinin və toxum bazarının inkişafına dair əməkdaşlıq edilməsi və bir sıra digər zəruri məsələlər öz əksini tapıb.

Bu sahədə ekspert dəstəyinin göstərilməsi məqsədilə tədbirdə Türkiyədən bitkiçilik məhsullarının istehsalı baş idarəsinin toxumçuluq üzrə dairə rəhbəri Veysəl Kolcu, Türkiyə Toxum Sertifikatlaşdırma Mərkəzinin mühəndisi Həvva Aydoğmuş, Avropa İttifaqı Xarici Əlaqələr Baş İdarəsinin dairə rəhbəri Nur Yılmaz və Türkiyə Toxumçular Birliyinin təmsilçisi doktor Əli Üstün iştirak ediblər. Tədbirdə Kənd Təsərrüfatı Nazirliyinin Seleksiya Nailiyyətlərinin Sınağı və Mühafizəsi üzrə Dövlət Komissiyasının, Respublika Dövlət Toxum Müfəttişliyinin mütəxəsisləri, Aqrar Elm Mərkəzindən və onun struktur tabeliyində olan bitkiçilik istiqamətli ET Əkinçilik, ET Üzümçülük və Şərabçılıq, ET Yemçilik, Çəmənçilik və Otlaqlar və ET Tərəvəzçilik institutlarının toxumçuluq və tingçilik fəaliyyətləri ilə məşğul olan alim və mütəxəssisləri, həmçinin Kənd Təsərrüfatı Nazirliyinin bitkiçilik məhsullarının istehsalı, emalı və ərzaq ehtiyatlarının dövlət tənzimlənməsi şöbəsinin müdir müavini İmran Cümşüdov, Respublika Dövlət Toxum Müfəttişliyinin rəis müavini Möhtəsim Əhmədov iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan ET Əkinçilik İnstitutunun direktoru Cavanşir Təlai qonaqları salamladıqdan sonra ölkə üçün toxumçuluq sektorunun kənd təsərrüfatı məhsul istehsalındakı əhəmiyyəti, seleksiya nailiyyətlərinin Dövlət Reyestrinə daxil olan və rayonlaşmış bitki sortlarının toxumçuluğu, toxumçuluğa dövlət dəstəyi barədə geniş və əhatəli məlumat verib.

Tədbirin proqramına uyğun olaraq M.Əhmədov və V.Kolcu müvafiq olaraq Azərbaycanda və Türkiyədə toxumçuluq sektoru və sertifikatlaşdırma sistemləri, H.Aydoğmuşun sertifikatlaşdırma məqsədilə laboratoriyaların texniki təchizatı və analizlərin aparılması haqqında təqdimatları olub.

H.Aydoğmuş ISTA akreditasiya sisteminin tətbiq edilməsi, N.Yılmaz ümumi qiymətləndirmə və Türkiyə ilə Azərbaycan arasında kənd təsərrüfatı sahəsində imzalanan anlaşmalarla bağlı mövcud vəziyyətə və Türkiyədə özəl toxumçuluq sektorunun vəziyyətinə dair təqdimatlarla çıxış ediblər. Qonaqlar tədbirin gedişində ET Əkinçilik İnstitutunun İlkin toxumçuluq və toxumun keyfiyyəti və digər laboratoriyaların fəaliyyətləri ilə yaxından tanış olublar.

Tədbirin sonunda Azərbaycan-Türkiyə Kənd Təsərrüfatı İcra Komitəsinin 7-ci iclasının protokolunda təsbit edilən toxumçuluq bölməsi üzrə iki ölkə arasında əlaqələrin daha da inkişaf etdirilməsi və bu formatda görüşlərin vaxtaşırı keçirilməsi məqsədəuyğun hesab edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti