...

Rüfət Quliyev: Yaxın 5-7 ildə Azərbaycan neft-qaz asılılığından tam xilas olacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Oktyabr 2014 14:54 (UTC +04:00)
Azərbaycanın qeyri-neft sektorunun inkişafını ÜDM-in ümumi artımı ilə müqayisədə ən azı iki dəfə qabaqlayan tempi yaxın beş-yedi il ərzində ölkənin tamamilə neft-qaz sektorunun asılılığından xilas olacağına zəmanət verir.
Rüfət Quliyev: Yaxın 5-7 ildə Azərbaycan neft-qaz asılılığından tam xilas olacaq

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 13 oktyabr /Trend, müxbir Maksim Tsurkov/

Azərbaycanın qeyri-neft sektorunun inkişafı ÜDM-in ümumi artımı ilə müqayisədə ən azı iki dəfə qabaqlayan tempi yaxın 5-7 il ərzində ölkənin tamamilə neft-qaz sektorundan asılılığından xilas olacağına zəmanət verir. Bu barədə bazar ertəsi Trend-ə Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Rüfət Quliyev bildirib.

R.Quliyev bu yaxınlarda Nazirlər Kabinetinin 2014-cü ilin doqquz ayının sosial-iqtisadi inkişafın yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlət başçısının çıxışını şərh edərkən deyib: "Prezident İlham Əliyev iqtisadiyyatın hazırkı inkişafından razı qaldığını açıq şəkildə bildirdi. İqtisadi uğurlar göz önündədir və qeyd etmək lazımdır ki, qeyri-neft sektorunun artımı 6 faiz səviyyəsindədir. Yəni, qeyri-neft sektorunun artımı ÜDM-in ümumi artımını təxminən iki dəfə qabaqlayır. Əminliklə deyə bilərəm ki, 10-15 il bundan əvvəl beynəlxalq ekspertlərin bizi xəbərdar etdikləri "holland sindromu"ndan qaça bildik. Azərbaycan Prezidentinin sınanılmış iqtisadi siyasəti bu problemlərdən qaçmağa imkan verdi və artıq "holland sindromu" bizi qorxutmur".

O qeyd edib ki, qeyri-neft sektorunda müşahidə olunan artım artıq büdcə xərclərini ödəməyə imkan verir: "Məqsədimiz iqtisadi inkişafımızın uzun müddət lokomotivi olmuş neft-qaz sektorundan asılılıqdan tam azad olmaqdır. Növbəti sıçrayış artıq tam olaraq qeyri-neft sektorunun hesabına həyata keçiriləcək".

Deputat bildirib ki, Azərbaycan digər makroiqtisadi göstəricilər üzrə də böyük uğurlar qazanır: "Hesabat dövründə [2014-cü ilin yanvar-sentyabr ayları] inflyasiya cəmi 1,5 faiz, işsizlik 5 faiz təşkil edib, Azərbaycan manatı isə bütün postsovet məkanında aparıcı dünya valyutalarına (dollar və avroya) nisbətən ən sabit valyutadır. Qeyd etmək lazımdır ki, son 3-5 il ərzində Azərbaycan manatından başqa postsovet məkanındakı bütün milli valyutalar devalvasiyaya məruz qalıb".

R.Quliyevin sözlərinə görə, bu, Azərbaycanda möhkəm valyuta-maliyyə sisteminin mövcudluğundan xəbər verir: "Azərbaycanın iqtisadi modelinin unikallığı özünü daha parlaq şəkildə büruzə verəcək. Bizim öz iqtisadi modelimizin indiyədək mövcud olan modellərdən ən yaxşısı olduğunu bütün dünyaya sübut etmək imkanımız var".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti