Azərbaycan, Bakı, 15 oktyabr /Trend/
Məlumat verildiyi kimi, sentyabrın 10-da gənclərin sahibkarlıq təşəbbüsünün dəstəklənməsi, yeni biznes və məşğulluq imkanlarının yaradılması, sahibkarlara göstərilən dövlət dəstəyinin gücləndirilməsi məqsədilə İqtisadiyyat və Sənaye Nazirliyinin Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində biznes inkubator fəaliyyətə başlayıb.
Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, həmin gündən etibarən İqtisadiyyat və Sənaye Nazirliyinin Bakı Biznes Tədris Mərkəzi tərəfindən biznes inkubatorun iştirakçıları üçün biznesin təşkili və idarə edilməsinin prioritet istiqamətləri üzrə 3 ay müddətinə treninqlərin keçirilməsinə start verilib. Müvafiq sahələr üzrə beynəlxalq sertifikatlar almış yerli və xarici ekspertlər tərəfindən aparılan treninqlər həftədə 3 gün olmaqla hər gün 4 saat keçirilir və hər həftə müxtəlif mövzuları əhatə edir.
İndiyədək biznes inkubatorda turizm, istehsal, kənd təsərrüfatı və xidmət sahələrində sahibkar kimi hazırlanan 20 gənc iştirakçı üçün "Biznesin əsasları, təşkili və idarə edilməsi", "Biznes ideyanı yarat", "Biznes planların hazırlanması", "Öz biznesinə başla", "Layihələrin idarə edilməsi" mövzularında treninqlər keçirilib. Treninqlərdə iştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış tədris-metodiki vəsaitlər paylanıb, onları maraqlandıran suallar cavablandırılıb.
Biznes inkubatorun iştirakçıları üçün növbəti treninq oktyabrın 15-də "Logistika" mövzusu üzrə təşkil edilib. Üç gün davam edəcək tədbirdə iştirakçılara logistikanın mahiyyəti və məqsədi, logistikanın növləri, logistik mərkəzlərin yaradılması və s. barədə məlumatlar veriləcək, mövzu üzrə təqdimat keçiriləcək.