...

Bakıda 47 nəfər əmək müqaviləsi bağlanmadan tikinti işlərinə cəlb edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Oktyabr 2014 17:41 (UTC +04:00)
Vergilər Nazirliyi bir daha xəbərdarlıq edir ki, işçilərin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin görülməsinə cəlb edilməsi hallarının qarşısı gələcəkdə də qətiyyətlə alınacaq, intizamsız vergi ödəyicilərinə qarşı qanunda nəzərdə tutulan ən sərt tədbirlər görüləcək.
Bakıda 47 nəfər əmək müqaviləsi bağlanmadan tikinti işlərinə cəlb edilib

Azərbaycan, Bakı, 23 oktyabr /Trend/

Vergilər Nazirliyi əmək münasibətlərinə vergi nəzarətinin təşkili sahəsində əməliyyat nəzarət tədbirlərini davam etdirir.

Azərbaycan Respublikasının Əmək Məcəlləsinə edilmiş dəyişikliklərə əsasən, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə daxil edilmiş əmək müqaviləsi bildirişi həmin elektron informasiya sistemində qeydiyyata alındıqdan və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərildikdən sonra hüquqi qüvvəyə minir. Muzdlu işə cəlb edilmiş şəxslərin hüquqlarının pozulmasının qarşısının alınması məqsədilə Vergilər Nazirliyi tərəfindən aparılan təsirli tədbirlərə, eləcə də işəgötürənlər arasında təbliğatın və maarifləndirilmə işlərinin gücləndirilməsinə baxmayaraq, bəzi işəgötürənlər hələ də işçilərlə əmək müqavilələri bağlamadan və iş yerlərini rəsmiləşdirmədən vətəndaşları müxtəlif işlərin görülməsinə cəlb etməklə, mövcud qanunvericiliyin tələblərini kobud surətdə pozurlar.

Nazirliyin Analitik-informasiya şöbəsindən Trend-ə verilən məlumata görə, Vergilər Nazirliyi tərəfindən əmək münasibətləri sahəsində həyata keçirilən əməliyyat nəzarət tədbirləri nəticəsində Binəqədi rayonunda yerləşən, Zülfüqarov Samir Sənan oğluna məxsus idman-əyləncə mərkəzinin tikintisində 20 nəfərin, Səbail rayonu Badamdar qəsəbəsində yerləşən, Qarahmədov Elxan Cəmi oğluna məxsus otel tikintisində isə 27 nəfərin Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən müxtəlif işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyi aşkarlanıb.

Əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən müxtəlif işlərin yerinə yetirilməsinə cəlb edilmiş işçilərdən alınmış izahatlardan aydın olub ki, onların tikinti obyektlərində xeyli müddət işləmələrinə baxmayaraq, heç biri ilə əmək müqaviləsinin hüquqi qüvvəyə minməsi ilə bağlı rəsmiləşdirmə işləri aparılmayıb. Bundan əlavə, hər iki şəxsin vergi orqanında uçota durmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu da müəyyən edilib və hər iki faktla bağlı materiallar Cinayət Məcəlləsinin müvafiq maddəsi üzrə cinayət işinin başlanması məqsədilə Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinə göndərilib.

Vergilər Nazirliyi bir daha xəbərdarlıq edir ki, işçilərin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin görülməsinə cəlb edilməsi hallarının qarşısı gələcəkdə də qətiyyətlə alınacaq, intizamsız vergi ödəyicilərinə qarşı qanunda nəzərdə tutulan ən sərt tədbirlər görüləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti