Azərbaycan, Bakı, 27 oktyabr /Trend/
İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev tərəfindən bölgələrdə vətəndaşların növbəti qəbulu oktyabrın 27-də Ağsuda keçirilib.
İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Ağsu Şəhər Uşaq-Gənclər Bədii Yaradıcılıq Mərkəzində təşkil edilmiş qəbulda Göyçay, Ağsu və Şamaxı rayonlarından olan vətəndaşların müraciətlərinə baxılıb.
Ş.Mustafayev qəbula gəlmiş vətəndaşların sahibkarlıq fəaliyyəti, güzəştli kreditlərin verilməsi, istehsal və emal müəssisələrinin yaradılması, kredit ittifaqının fəaliyyətinə dəstək göstərilməsi, metal konstruksiyaların istehsalı, torpağa mülkiyyət hüququnun rəsmiləşdirilməsi, sosial və s. məsələlərlə bağlı müraciətlərini diqqətlə dinləmiş, bir sıra məsələlər yerindəcə həllini tapıb, digər məsələlər isə operativ şəkildə araşdırılması üçün nəzarətə götürülüb. İqtisadiyyat və Sənaye Nazirliyinin fəaliyyət istiqamətlərinə aid olmayan müraciətlər isə aidiyyəti qurumlara çatdırılması üçün qeydiyyata alınıb.
Nazir qəbula gəlmiş sahibkarların əkinçilik, heyvandarlıq, arıçılıq, istixana təsərrüfatlarının yaradılması, üzümçülük təsərrüfatının genişləndirilməsi və s. sahələr üzrə təkliflərini dinləyib, müzakirələr aparılıb, investisiya layihələrinin güzəştli kreditlər hesabına maliyyələşdirilməsi barədə müvafiq göstərişlər verib.
Qəbul günü birbaşa müraciət edən vətəndaşlar da Ş.Mustafayev tərəfindən qəbul edilib, hər bir vətəndaşın müraciətinə diqqətlə yanaşılıb, müraciətlərin qanunvericiliyə müvafiq qaydada həlli üçün müvafiq tədbirlər görülüb.
Ümumilikdə Ağsuda keçirilmiş qəbulda nazir 100-dən çox vətəndaşı qəbul edib.
Qeyd edək ki, qəbul barədə ictimaiyyətin ətraflı məlumatlandırılması, eləcə də vətəndaşların rahatlığının təmin edilməsi məqsədilə əvvəlcədən kütləvi informasiya vasitələrində elanlar verilmiş və qəbula yazılmaq üçün əlaqə vasitələri göstərilmişdi. Vətəndaşlar nazirliyin [email protected] elektron poçt ünvanı və əlaqə nömrələri, 195-2 Telefon Məlumat Mərkəzi, həmçinin nazirliyin internet və facebook səhifələri vasitəsilə qəbula yazılıblar.
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərləri tərəfindən mütəmadi olaraq bölgələrdə vətəndaşların qəbulunun təşkilindən razılıqlarını bildirən vətəndaşlar yaradılan şəraitə görə dövlət başçısına minnətdarlıq ediblər.