...

"Mütəmadi müzakirələr aparmaq məqsədəuyğundur"

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Noyabr 2014 16:57 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 noyabr /Trend/

İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri, Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Mahmud Vaezinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, nümayəndə heyətinə enerji, kənd təsərrüfatı, rabitə, bankçılıq, mədəniyyət və s. sahələr üzrə İranın dövlət qurumlarının məsul şəxsləri daxildir.

Görüşdə ölkələrimiz arasında iqtisadi əlaqələrin mövcud vəziyyəti, Hökumətlərarası Komissiyanın sonuncu iclasında əldə olunmuş razılaşmalar üzrə görülən işlər, eləcə də əməkdaşlığın genişləndirilməsi perspektivlərinə dair məsələlər müzakirə edilib.

Ş.Mustafayev 2014-cü ildə Azərbaycan və İran dövlət başçıları arasında keçirilmiş görüşlərin, aparılan danışıqların ölkələrimiz arasında əlaqələrin inkişafında mühüm əhəmiyyətini, hazırda iki ölkə arasında siyasi, iqtisadi və humanitar əlaqələrin yüksələn xətlə inkişaf etdiyini vurğulayıb.

M.Vaezi İranın qonşu Azərbaycanla əlaqələrin genişləndirilməsində maraqlı olduğunu diqqətə çatdırıb. O, Azərbaycan-İran əlaqələrinin yüksələn xətlə inkişaf etdiyini, əməkdaşlığın daha da genişləndirilməsi üçün böyük potensialın olduğunu qeyd edib.

Görüşdə Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının bu ilin avqustunda keçirilmiş 9-cu iclasında əldə edilmiş razılığa uyğun olaraq, aparılan işlərin gedişi barədə fikir mübadiləsi aparılıb, bir sıra sahələrdə ciddi irəliləyişlərə nail olunduğu qeyd edilib. Müxtəlif sahələr üzrə əməkdaşlığın inkişafı perspektivləri barədə hər iki tərəfin əlaqədar qurumlarının mütəmadi müzakirələr aparması məqsədəuyğun hesab edilb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti