...

Gəncə və Qazaxda treninqlər keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Aprel 2015 18:17 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 aprel /Trend/

Aprelin 2-də İqtisadiyyat və Sənaye Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Gəncə nümayəndəliyinin və "Sahibkar Qadınlar" İctimai Birliyinin təşkilatçılığı ilə Gəncədə gənclər üçün "Biznes ideyanı yarat", "Öz biznesinə başla" və "İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər" mövzularında treninq keçirilmişdir.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tədbirdə biznes-ideyanın yaradılması, biznes-planların tərtib edilməsi, SWOT təhlilin aparılması və bu sahədə beynəlxalq təcrübə, maliyyə planlarının hazırlanması, innovativ texnologiyaların tətbiqi, yeni məhsul istehsalının və xidmətlərin göstərilməsinin təşkili, peşə hazırlığı səviyyəsinin yüksəldilməsi və s. barədə ətraflı məlumat iştirakçıların diqqətinə çatdırılmışdır.

Növbəti treninq isə aprelin 3-də Bakı Biznes Tədris Mərkəzinin Qazax nümayəndəliyinin təşkilatçılığı ilə sahibkarlar və sahibkarlıq fəaliyyətinə yeni başlayanlar üçün keçirilmişdir. Qazaxda təşkil edilmiş treninq "Kənd təsərrüfatında logistik menecment" və "İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər" mövzularında olmuşdur.

Tədbirdə iştirakçılar logistik sistemlər, logistik idarəetmə, logistik mərkəzlərin yaradılması, əmtəə hərəkətinin və logistik infrastrukturun və logistik xərclərin idarə edilməsi s. haqqında məlumatlandırılmışlar.

Bundan əlavə, treninqlərdə İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər, www.icazeler.gov.az, www.b2b.az elektron portalları, portalların biznesin səmərəli təşkili və inkişafı üçün yaratdığı imkanlar, həmçinin investisiya layihələrinin maliyyələşdirilməsi ilə əlaqədar elektron idarəetmə sistemi və s. barədə məlumat verilmişdir.

Treninqlər çərçivəsində mövzular üzrə təqdimatlar keçirilmiş, iştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanmış, onları maraqlandıran suallar cavablandırılmışdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti