Azərbaycan, Bakı, 8 aprel /Trend, müxbir Ənvər Məmmədov/
Azərbaycana Avro-4 ekoloji standartına uyğun olmayan avtomobil gətirən şəxslərə qarşı müvafiq tədbirlər görüləcək. Trend-in məlumatına görə, bunu jurnalistlərə Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev deyib.
Onun sözlərinə əsasən, bəzi şəxslər belə avtomobilləri Azərbaycana gətirir və onların qanunsuz satışı ilə məşğul olurlar: "Bu avtomobillərdən bəziləri hətta digər öləkələrdə qeydiyyatdan çıxarılmayıb. Bu şəxslərə qarşı müvafiq tədbirlər görülür".
DGK sədri qeyd edib ki, Azərbaycana bu avtomobillərin ehtiyat hissələrinin idxalının qarşısının alınması üzrə də addımlar atılır: "Bu avtomobillər üçün ehtiyat hissələri gətirən şəxslərə qarşı da müvafiq tədbirlər görülür".
O əlavə edib ki, bu ilin ilk iki ayında Azərbaycana nəqliyat vasitələrinin idxalı azalıb.