...

AYİB: Azərbaycan uğurlu inkişaf dinamikası nümayiş etdirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 İyul 2015 19:47 (UTC +04:00)
Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) maliyyə institutları üzrə icraçı direktoru Nik Tesseymanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
AYİB: Azərbaycan uğurlu inkişaf dinamikası nümayiş etdirir

Azərbaycan, Bakı, 15 iyul /Trend/

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) maliyyə institutları üzrə icraçı direktoru Nik Tesseymanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

AMB-dən Trend-ə verilən məlumata görə, görüşdə Azərbaycanın maliyyə sektorunda AYİB-in aktiv iştirakı və əməkdaşlığı, bank sisteminin davamlı inkişafı və sektorun üzləşdiyi çağırışlara dair fikir mübadiləsi aparılıb.

E.Rüstəmov AYİB-lə Azərbaycan arasında uzunmüddətli sıx əməkdaşlığı vurğulayaraq, nümayəndə heyətinə Azərbaycanın makroiqtisadi göstəriciləri, iqtisadi artım, iqtisadiyyatın şaxələnməsi, qeyri-neft sektorunun davamlı inkişafı, maliyyə, o cümlədən bank sektorunun iqtisadi inkişafda rolunun artırılmasına dair ətraflı məlumat verib. AMB sədri bu ilin ilk 6 ayının uğurlu göstəricilərinə istinad edərək Azərbaycan iqtisadiyyatının qlobal və regional iqtisadi çağırışlara baxmayaraq inamla inkişaf etdiyini, bank sektorunun sabitlik nümayiş etdirdiyini vurğulayıb.

Azərbaycanın AYİB ilə əməkdaşlığına xüsusi önəm verərək, E.Rüstəmov ölkənin maliyyə çıxışlarının genişlənməsi, bank sektorunun qeyri-neft sektoruna dəstəyinin gücləndirilməsi və sektorun ümumilikdə daha da inkişaf etdirilməsi istiqamətində AYİB-lə əməkdaşlığın vacibliyindən danışıb. O, qeyd edib ki, AYİB-in Azərbaycan üzrə Ölkə Strategiyası ölkəmizin inkişaf prioritetlərini dəstəkləyir və birgə fəaliyyət üçün əməkdaşlıq spektrini daha da genişləndirir.

N.Tesseyman, öz növbəsində, Azərbaycanın regional hadisələr fonunda uğurlu inkişaf dinamikası nümayiş etdirdiyini vurğulayıb. O, AYİB-in ölkənin inkişaf prioritetlərinə uyğun şəkildə Azərbaycanla sıx əməkdaşlığının davam etdirilməsində maraqlı olduğunu bildirib. Sonra N.Tesseyman AYİB tərəfindən Azərbaycanda bu günə qədər həyata keçirilən layihələr, maliyyə institutları ilə əməkdaşlıq və planlaşdırılan yeni layihələr barədə məlumat verib.

Görüşdə, həmçinin Mərkəzi Bank ilə AYİB arasında əməkdaşlıq münasibətlərinin inkişaf perspektvləri və prioritet sahələr üzrə texniki yardım istiqamətləri kimi məsələlər də müzakirə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti