Azərbaycan, Bakı, 17 avqust /Trend/
Mənalı, şərəfli və faydalı ömrünün 40 ildən çoxunu kimya sənayesinə bağlamış insan
1935-ci il may ayının 21-də Gürcüstanın Marneuli rayonunun Ağqula (Ağqüllə) kəndində kolxozçu ailəsində dünyaya göz açan Nurəddin Bərgah oğlu Babayev 1957-ci ildə üçillik hərbi xidməti başa vurduqdan sonra - 1958-ci ildə Sumqayıt şəhərinə gələrək Alüminium zavodunda ilk əmək fəaliyyətinə başlayıb. Burada üç ay işlədikdən sonra kimyaçı peşəsinə olan həvəsi onu Kimya kombinatına gətirib və maşinist vəzifəsinə işə qəbul olunub. Elə həmin istəklə də 1959-cu ildə müvəffəqiyyətlə imtahan verərək, M.Əzizbəyov adına Azərbaycan Dövlət Neft və Kimya İnstitutuna qəbul olunmuş, istehsalatdan ayrılmadan mühəndis-texnoloq ixtisası üzrə ali təhsil alıb.
İlk vaxtlar zavodda adi maşinist işləyən gənc Nurəddin Babayevin əməksevərliyi, işə məsuliyyəti diqqəti cəlb edir və o, çox keçmədən növbə ustası vəzifəsinə təyin olunur. Bundan həvəslənən gələcək mütəxəssis gündəlik işdə daha çox təcrübə toplamaqla yanaşı, seçdiyi və sevdiyi ixtisasa dərindən yiyələnmək üçün gecə-gündüz, rahatlıq bilmədən kimya texnologiyası ilə bağlı dərsliklərdən və elmi kitablardan daha çox öyrənməyə çalışır.
Onun işgüzarlığı, daim öz üzərində işləməsi, tapşırılan işin öhdəsindən bir qayda olaraq layiqincə gəlməsi nəzərə alınaraq, N.Babayev bir müddətdən sonra sulfanol istehsalatının texnoloqu vəzifəsinə təyin olunur. Böyük və mürəkkəb bir istehsalatın ahəngdar işinin təmin olunmasına cavabdeh olan gənc texnoloq həmin vəzifəni də yüksək bacarıqla yerinə yetirərək, ona göstərilən etimadı tam doğrultduğundan bir az da irəli çəkilərək, sex rəisi vəzifəsi həvalə olunur. Qısa müddət ərzində sex kollektivini yüksək əmək nailiyyətlərinə səfərbər etməyi bacaran N.Babayev 1971-ci ilin sonuna yaxın - 36 yaşında ikən o dövr üçün çox dəyərli və nüfuzlu sayılan "Qırmızı Əmək Byrağı" ordeni ilə təltif olunur.
Gərgin kimyaçı əməyinə dövlət tərəfindən verilən yüksək qiymətdən ruhlanan və hər ötən il ərzində əsl kimyaçı-texnoloq kimi getdikcə daha da püxtələşən Nurəddin Babayev özünün mühəndis təxəyyülünün, işə yaradıcı münasibətinin nəticəsi olan bir çox qiymətli səmərələşdirici təklifləri ilə istehsalın həcminin və alınan məhsulların keyfiyyətinin artırılması üçün daha dəyərli töhfələr verməkdə davam edir. Texniki-texnoloji ideyaları istehsalata tətbiq olunduqca gənc mütəxəssisin nüfuzu həm zavod, həm də şəhər və respublika miqyasında daha da artmağa başlayır və müəssisədə keçirilən istehsalat müşavirələrində onun təklifləri və fikirləri ilə mübahisəsiz və məmnunluq hissi ilə hesablaşırlar. Hətta bu və ya digər istehsalat məsələsində o zamankı texniki şura mütləq Nurəddin Babayevin də fikrini öyrənməyi vacib bilirdi.
Ötən əsrin 70-ci illərinin əvvəllərində - Azərbaycanın kimya sənayesinin bütün SSRİ miqyasında sürətlə inkişaf etdiyi bir zamanda N.Babayevə daha məsul bir vəzifə - baş mühəndisin müavini vəzifəsi həvalə edilir. Yalnız işgüzarlıq və əzmkarlığın yüksək istedad və təşkilatçılıq bacarığı ilə vəhdətinin nəticəsi idi ki, cəmi dörd il ərzində o, sex rəisi vəzifəsindən zavodun baş mühəndisi vəzifəsinədək yüksəlir və daha sonra İttifaq əhəmiyyətli böyük bir müəssisənin - "Üzvi sintez" zavodunun direktoru vəzifəsinə irəli çəkilir.
Bir vaxtlar 10-15, sonralar 100-120 nəfərin, müəssisə rəhbəri kimi isə artıq minlərlə kimyaçının istehsalat fəaliyyətini tənzimləməli, idarə etməli olan, onların hər birinə cavabdehlik daşıyan Nurəddin Babayev zavodda yeni istehsalat sahələrinin yaradılması, buraxılan məhsulların çeşidinin və keyfiyyətinin artırılması məqsədilə həm respublika, həm də bilavasitə tabe olduğu SSRİ Neft-kimya Sənayesi Nazirliyində nüfuzlu bir müəssisə rəhbəri kimi vaxtaşırı müəyyən təkliflərlə çıxış edir, eyni zamanda, əməkçilərin iş şəraitinin yaxşılaşdırılması, onların əmək haqqının artırılması üçün müəssisə rəhbəri qayğıkeşliyi ilə ciddi məsələ qaldırır, pinsipiallığı sayəsində bütün vasitələrlə istəyinə nail olurdu.
Zavod kollektivi Nurəddin Babayevin bütün bu səylərini - müəssisənin potensialının, iş adamına göstərilən diqqət və qayğının artırılması üçün əlindən gələn hər şeyi etdiyini görərək, daha əzmlə çalışırdılar. Məhz onun nəticəsi idi ki, "Üzvi sintez" bir müəssisə olaraq həm zavod, həm də İstehsalat Birliyi kimi müxtəlif struktur statusu, müxtəlif adlar daşıdığı bütün dövrlərində - N.Babayevin ona rəhbərlik etdiyi 1975-1995-ci illəri əhatə edən - 20 illik bir dövr ərzində daim respublikamızın və keçmiş SSRİ-nin ən qabaqcıl müəssisələrindən biri olmuş, yüksək dövlət mükafatlarına, təltiflərə layiq görülüb.
Qeyd edək ki, ilk dəfə Kimya kombinatı, sonra Üzvi məhsullar zavodu, daha sonra "Üzvi sintez" İstehsalat Birliyi adlandırılan, sonda "Üzvi sintez" zavodu kimi fəaliyyət göstərən bu müəssisədə 1980-ci illərdə 6500 nəfər kimyaçı çalışır, 45 adda məhsul istehsal olunurdu.
Əlbəttə ki, həmin illərdə əldə olunmuş böyük uğurlar minlərlə kimyaçının çalışdığı böyük bir kollektivin ümumi əməyinin, zəhmətinin bəhrəsi olub. Ancaq o da şəksizdir ki, kollektivi həmin nailiyyətlərə doğru öz zəngin biliyi və təcrübəsi, yüksək istedadı, təşkilatçılıq bacarığı, istehsalata mütərəqqi texnologiyaların və özünün çoxsaylı səmərələşdirici təklifləri və ixtiralarının tətbiqi ilə, ciddi tələbkarlığı və işgüzar prinsipiallığı, eyni zamanda kimyaçılar kollektivinə bütövlükdə və hər bir kimyaçıya fərdi olaraq göstərdiyi diqqət və qayğıkeşliyi ilə məhz Nurəddin Babayev aparıb.
Təsadüfi deyildir ki, N.Babayevin rəhbərliyinin bütün dövrü ərzində "Üzvi Sintez" həm respublikamızda, həm də keçmiş İttifaq miqyasında ən qabaqcıl kimya müəssisələrindən biri olmuş və onun qabaqcıl və nüfuzlu diretoru müxtəlif illərdə daha üç ördenlə - "Fəxri nişan" (1976), "Xalqlar dostluğu" (1981), "Lenin" (1986) ordenləri və "Fədakar əməyə ğörə" medalı ilə təltif olunmuşdur. 1979-cu ildə isə istedadlı və yaradıcı bir mühəndis olaraq ona "Azərbaycanın Əməkdar səmərələşdiricisi" fəxri adı verilib.
Xüsusilə diqqətəlayiqdir ki, Nurəddin Babayevin bir mütəxəssis-texnoloq kimi istehsalatda öz sözünü deyə bilməsi, çalışdığı sex, istehsalat və zavod kollektivini irəliyə aparması əsl zəhmət adamlarının əməyini yüksək qiymətləndirməyi bacaran, onlara diqqət və qayğı göstərməkdən xüsusi bir zövq alan, fərəh duyan dahi rəhbər Heydər Əliyevin rəhbərliyi dövrünə təsadüf edir. "Üzvi sintez" kollektivinin və onun rəhbərinin əməyini, fəaliyyətini yüksək qiymətləndirən Heydər Əliyevin Sumqayıta səfərləri zamanı daha çox bu zavoda olması onun N.Babayevə və "sintezçilər"ə olan xüsusi diqqət və qayğısının danılmaz nümunəsidir.
25-dən çox elmi əsərin müəllifi olan Nurəddin Babayev zəngin istehsalat təcrübəsinin, elmi istedadının, gərgin yaradıcılıq axtarışlarının nəticəsi olaraq 1990-cı ildə müvəffəqiyyətlə dissertasiya müdafiə edərək, texnika elmləri namizədi alimlik almış, 1991-ci ildə Azərbaycan Milli Yaradıcılıq Akademiyasının texnika doktoru seçilib.
1995-ci ildə ona yüksək etimad göstərilərək, "Azərikimya" Dövlət Şirkətinin vitse-prezidenti təyin olunmaqla üç il bu vəzifədə uğurla çalışsa da, Nurəddin Babayev bir zaman onunla eyni müəssisədə çiyin-çiyinə çalışaraq onu yaxından tanıyanların və hətta yaxından tanımayanların, yalnız xoş səsini-sorağını, nüfuzlu-hörmətli adını eşidənlərin yaddaşında bu gün də, sabah da, hələ çox-çox illər sonra da "Üzvi sintez" zavodunun direktoru kimi qalacaqdır. Çünki onun mənalı yaşanmış ömrünün böyük bir hissəsi, ən uğurlu illəri, ən xoş və gözəl anları məhz bu zavodla, onun əməksevər, fədakar və qədirbilən kollektivi ilə bağlı olub.
Rafiq Oday,
Əməkdar jurnalist
"Azərikimya" İB-nin mətbuat xidməti