Azərbaycan, Bakı, 28 oktyabr /Trend, müxbir Maksim Tsurkov/
Azərbaycanın Dövlət Mülki Aviasiya Administrasiyası və Macarıstan-Polşa büdcə aviaşirkəti "WizzAir" Budapeşt-Bakı-Budapeşt marşrutu üzrə mütəmadi reyslərin bərpa edilməsi barədə razılığa gəliblər.
Trend-in məlumatına görə, bu məqsədlə "WizzAir" və "Ground Handling Company" arasında reyslərə xidmət göstərilməsinə dair saziş imzalanıb. Sazişi Azərbaycan tərəfindən "Ground Handling Company"nin rəhbəri İlqar Ələkəbərov, "WizzAir" tərəfindən isə aviaşirkətin baş direktoru Yojef Varadi imzalayıb.
Saziş əsasında "WizzAir" 2016-cı ilin martından Budapeşt-Bakı-Budapeşt marşrutu üzrə mütəmadi reyslərin həyata keçirilməsinə başlayacaq. Aviaşirkət əvvəlcə reysləri həftədə bir dəfə reallaşdıracaq, yayda isə onların tezliyini həftədə ikiyədək artıracaq.
Əldə edilmiş razılığa əsasən, "WizzAir" bütün il ərzində Budapeşt-Bakı-Budapeşt mütəmadi reyslərini həyata keçirməyi üzərinə götürür.
Y.Varadi çıxışında qeyd edib ki, uçuşlar martın 27-dən başlayacaq: "Biletlər artıq satışdadır. Bir istiqamətə biletin qiyməti 39,99 avrodan başlayır. Reyslər çərşənbə günündən cümə axşamına və bazar günündən bazar ertəsinə keçən gecə saatlarında həyata keçiriləcək".
"Ground Handling Company"nin rəhbəri isə öz növbəsində deyib ki, müqavilənin müddəti 2019-ci ilin aprelinədəkdir. Reyslər "Airbus" təyyarələri ilə həyata keçiriləcək.