Azərbaycan, Bakı, 11 noyabr /Trend/
Bakı Limanı ilə Riqa Azad Limanı əməkdaşlıq edəcəklər.
Noyabrın 2-4-də Bakı Beynəlxalq Dəniz Ticarət Limanı QSC Riqanın Azad Limanı ilə təcrübə mübadiləsi həyata keçirmək məqsədilə Latviyanın vəkillər kollegiyasının üzvü və eyni adlı advokat bürosunun rəhbəri Modris Supenin Bakıya səfərini təşkil edib.
QSC-dən Trend-ə verilən məlumata görə, səfər çərçivəsində M.Supe Bakı Limanının rəhbərliyi və hüquqşünasları, o cümlədən İqtisadiyyat və Sənaye Nazirliyi ilə bir sıra görüşlər keçirib.
Görüş zamanı Riqa Azad Limanında tətbiq edilən hüquqi rejim və idarəetmə modeli haqqında təqdimat keçirilib, bu rejimin xüsusiyyətləri araşdırılıb və təcrübə mübadiləsi üçün əsaslar qoyulub.
Rəsmi görüşlərdən əlavə, M.Supe Bakının görməli yerləri ilə tanış olub, Limanın tarixi haqqında məlumatlandırılıb.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 18 mart 2015-ci il tarixli sərəncamı ilə "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" Qapalı Səhmdar Cəmiyyətinin yaradılıb. Hazırda Bakı Limanının Avrasiyada nəqliyyat və logistika mərkəzinə çevrilməsi istqamətində beynəlxalq standartlara əsaslanan işlər görülməkdədir. Bakının Qaradağ rayonunun Ələt qəsəbəsində tikilməkdə olan yeni liman kompleksinin üç tikinti fazası bitdikdən sonra Bakı Limanının yükaşırma qabiliyyəti 25 milyon ton olacaq.