Bakı. Trend:
İqtisadiyyat və sənaye naziri, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayev İran İslam Respublikasının Gilan vilayətinin valisi Məhəmmədəli Nəcəfinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə Ş.Mustafayev ölkələrimiz arasında siyasi və iqtisadi əlaqələrin inkişaf etdiyini, 2014-cü ildə dövlət başçılarının qarşılıqlı rəsmi səfərlərindən və keçirilən görüşlərdən sonra Azərbaycan-İran əlaqələrinin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu vurğulayıb. Son zamanlar intensivləşən qarşılıqlı səfərlərin ölkələrimiz arasında əməkdaşlığın genişlənməsində əhəmiyyəti qeyd olunub, bu ilin oktyabrında Azərbaycanın və İranın Astara şəhərlərində keçirilmiş görüşlər zamanı Şimal-Cənub nəqliyyat dəhlizi ilə bağlı dəmir yolu xətlərinin əlaqələndirilməsinə və digər məsələlərə dair razılıqların əldə olunduğu bildirilib.
Qeyd edilib ki, Şimal-Cənub nəqliyyat dəhlizinin fəaliyyətinin təkmilləşdirilməsi tranzit imkanlarının genişlənməsinə, ölkələrimiz arasında, o cümlədən Gilan vilayəti ilə əlaqələrin inkişafına öz töhfəsini verəcək. İran nümayəndə heyətinin ölkəmizə növbəti səfəri çərçivəsində Azərbaycan-İran biznes forumunun keçirilməsi və Bakıda İran İslam Respublikasının ixtisaslaşmış sərgisinin açılması iqtisadi-ticarət əlaqələrinin inkişafında əhəmiyyətli olacaq.
Ölkələrimiz arasında iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlığın uğurla davam etdiyini qeyd edən Ş.Mustafayev Azərbaycan və İran dəmir yollarının əlaqələndirilməsi layihəsi üzrə I mərhələnin 2016-cı ilin sonunda başa çatdırılmasının nəzərdə tutulduğunu, qarşılıqlı razılaşmaya əsasən, Biləsuvar və Astara sərhəd-keçid məntəqələrinin 24 saat fasiləsiz iş rejiminə keçiriləcəyini vurğulayıb. Həmçinin bildirilib ki, Qazaxıstanın Aktau şəhərində inşa olunan logistik mərkəzdən İran tərəfi də istifadə edə bilər.
İran İslam Respublikasının Gilan vilayətinin valisi M.Nəcəfi region ölkələri ilə müqayisədə Azərbaycanın yüksək iqtisadi artıma nail olduğunu vurğulayıb, dünən Bakıda İran İslam Respublikasının ixtisaslaşmış sərgisinin təşkilinə göstərdiyi dəstəyə görə Azərbaycan tərəfinə minnətdarlıq edib. Ölkələrimiz arasında həyata keçirilən çoxsaylı qarşılıqlı rəsmi səfərlərin müsbət nəticələr verdiyini qeyd edən M.Nəcəfi əlaqələrin genişlənməsi üçün qısa müddət ərzində bir sıra işlərin görüldüyünü diqqətə çatdırıb. Bildirilib ki, Azərbaycan və İran dəmir yollarının əlaqələndirilməsi iqtisadi əməkdaşlığın, xüsusilə yükdaşımalar, turizm və ticarət əlaqələrinin genişlənməsinə müsbət təsir göstərəcək.
O, qeyd edib ki, Ənzəli limanı və Gilanda yerləşən Azad Ticarət və Sənaye Zonası Azərbaycan və İran tərəfindən üçüncü ölkələrə kənd təsərrüfatı məhsullarının ixracına geniş imkanlar yaradır.
Görüşdə Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının növbəti - 10-cu iclasının bu ilin dekabrında İranda keçiriləcəyi qeyd edilib, iclasda müzakirəsi nəzərdə tutulan məsələlər barədə fikir mübadiləsi aparılıb.