Bakı. Trend:
Azərbaycan Prezidentinin 19 oktyabr 2015-ci il tarixli "Sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan növlərinin sayının azaldılması, xüsusi razılıq (lisenziya) verilməsi prosedurlarının sadələşdirilməsi və şəffaflığının təmin edilməsi haqqında" fərmanına uyğun olaraq, İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən Bakı şəhərində və ölkə regionlarında "ASAN xidmət" mərkəzləri vasitəsilə lisenziyaların verilməsi davam etdirilir.
Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, noyabrın 23-də İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən Bərdədəki "ASAN xidmət" mərkəzində və Bakıda 5 saylı "ASAN xidmət" mərkəzində baytarlıq preparatlarının, etil (yeyinti) spirtinin və alkoqollu içkilərin, tütün məmulatlarının satışı, qiymətli metalların və qiymətli daşların emalı və istifadəsi, avtomobil nəqliyyatı ilə şəhərlərarası (rayonlararası) müntəzəm sərnişin daşımaları sahəsində fəaliyyət göstərən sahibkarlara lisenziyalar təqdim edilib.
Xüsusi razılığın (lisenziya) alınması üçün müraciətlərinə qısa müddət ərzində baxılması, lisenziyaların "ASAN xidmət" mərkəzləri vasitəsilə verilməsi, inzibati prosedurların sadələşdirilməsi və şəffaflığın təmin edilməsindən razılıq edən sahibkarlar yaradılmış şəraitə, göstərilən böyük diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını bildirıblər.