İlk xəbər saat 10:52-də yayımlanıb.
Bakı. Azad Həsənli - Trend:
Azərbaycanda bank əmanətinin bütün məbləğini sığortalamaq təklif edilib ki, bu da bu gün Milli Məclisdə baxılacaq "Əmanətlərin tam sığortalanması haqqında" qanun layihəsində nəzərdə tutulub.
Qanun layihəsinin əsas məqsədi qlobal iqtisadiyyatda baş verən proseslər fonunda ölkədə maliyyə sabitliyini qorumaq, bank sisteminin dayanıqlığını təmin etmək, əmanətçilərin bank sisteminə etibarını gücləndirməkdir.
Qanun layihəsində qeyd edilir ki, Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurası tərəfindən əmanətlər üzrə müəyyən edilmiş illik faiz dərəcəsi həddində olan bütün qorunan əmanətlər məbləğindən asılı olmayaraq bank fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi razılığa malik olan Fondun iştirakçı bankları tərəfindən 3 il müddətində tam sığortalanır.
Hazırda əmanət üzrə sığorta ödənişinin maksimum səviyyəsi 30 min manat təşkil edir.
Bu qanunun qüvvəyə mindiyi günə bank fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi razılığa malik olan banklarda mövcud olan qorunan əmanətçilərin əmanətləri üzrə illik faiz dərəcələri Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının müəyyən etdiyi illik faiz dərəcəsi həddindən yuxarı olduqda, həmin əmanətçilər əmanətləri üzrə tam sığorta təminatı əldə etmək istədikdə, onların müraciəti əsasında müddəti qurtarmamış əmanət müqavilələrində müvafiq dəyişikliklər edilməlidir.
Müddəti qurtarmamış əmanət müqavilələrində dəyişikliklər edildikdə, dəyişikliklər edildiyi günə qüvvədə olan müqavilənin şərtlərinə uyğun olaraq faizlər tam məbləğdə hesablanıb ödənilir.
Əmanətlərin Sığortalanması Fondunun iştirakçı banklarında sığorta hadisəsi baş verdikdə bu Qanuna uyğun olaraq sığortalanmamış əmanətlər üzrə kompensasiyalar "Əmanətlərin sığortalanması haqqında" qanununa müvafiq qaydada ödənilir.
Əmanətçilərin Əmanətlərin Sığortalanması Fondu və iştirakçı banklarla münasibəti, habelə bu Qanuna uyğun olaraq tam sığortalanmış əmanətlər üzrə kompensasiya ödənişi, həmçinin içtimaiyyətin məlumatlandırılması məsələləri "Əmanətlərin sığortalanması haqqında" qanun ilə tənzimlənir.