Bakı. Trend:
"Rolls-Royce Motor Cars" şirkəti "Rock & Roll" musiqi janrının yaranmasından bəri müasir musiqi səhnəsinin əfsanələrinin üzə çıxmasında böyük rol oynayıb. Yarım əsrdən artıq davam edən sevgi hekayəsi hələdə yaşayır və dünyanın ən məşhur sənətkarları bu modeli öz uğurlarının əsas təsdiqi olaraq seçir. Buna əsaslanaraq, "Rolls-Royce Motor Cars" şirkəti "Wraith 'Inspired by Music" modelini zövq ilə təqdim edir.
"Wraith" modeli təqdim olunduğu gündən "Rolls-Royce" müştəriləri avtomobil tarixinin ən mükəmməl tərtib olunmuş "Bespoke Audio" sistemindən istifadə imkanı əldə ediblər. "Rolls-Royce" avtomobillərinin bütün hissələri kimi qeyd olunan konstruksiya bu sahənin ən görkəmli mütəxəssislərin bacarığı ilə keyfiyyətli parçaları özündə birləşdirir. Hazırda proqram çərçivəsində "Bespoke Audio" sisteminin hazırlanmasında istifadə olunan qiymətli materiallar daha da inkişaf etdirilib və unudulmaz səyahət üçün eksklüziv musiqi məkanı yaradılıb.
"Yaradıcı və unikal avtomobil axtarışında olanlar üçün "Wraith 'Inspired by Music" modeli düzgün seçimdir. Onun möhtəşəm görünüşünü mükəmməl "Bespoke Audio" sistemi tamamlayır. Orada misin çalarlarının müasir dəbə uyğun istifadəsi bazarın ən inkişaf etmiş musiqi sisteminin özünəməxsus ab-havasını yaradır", - deyə "Rolls-Royce Motor Cars" şirkətinin baş direktoru Torsten Müller Ötvös bildirib.
Avtomobilin "Lyrical Copper" adlanan eksklüziv rəngə boyanması maşının mükəmməl səs sistemində misdən istifadə olunduğuna zövqlə işarə edir. Avtomobilin qapısını açdıqda isə mis tematikasına uyğunlaşdırılmış və üzərinə "Bespoke Audio" sözləri həkk olunmuş dinamikin halqaları müştərinin diqqətini cəlb edir. Yüksək keyfiyyətli dəridən hazırlanmış qapı dolabları və döşəmə avtomobil salonunun ümumi ab-havasına əlavə rəng qatır. Salonun ön hissəsindən arxaya uzanan mis rəngli qapı detalı isə avtomobilin daxili dizaynının xas detallarını vurğulayır. Panelin və oturacaq kənarlarının mis çalara boyanması avtomobilin zövqlü ab-havasını tamamlayır.
Avtomobilin səs sisteminin dizaynında istifadə olunmuş zövqlü detalı maşının hər tərəfində görmək mümkündür. Məsələn, saatın naxışları cəzbedici mis və gümüş kombinasiyası ilə bəzədilib, saat halqası ilə vinil plastinini xatırladır.
"Bespoke Audio" sistemi dünyanın ən peşəkar səs mühəndisləri tərəfindən sıfırdan yaradılıb. Sistemin avtomobil salonuna mükəmməl yerləşdirilməsi üçün mühəndislər iki il ərzində daxili dizaynerlər ilə birgə çalışıblar. Həqiqətən də akustik mükəmməllik yaradılması o qədər əhəmiyyətli idi ki, daxili dizaynerlər hər hansı bir dəyişikliyi etmək üçün baş mühəndis ilə məsləhətləşməli idilər.
1 300 W gücə malik olan və bas, yüksək və orta tezlikli səs gücləndiricilərdən ibarət 18 kanal sistemi səsin qeyri-adi təmizliyini və dinamika diapazonunu təmin edir. Salonun yuxarısına quraşdırılmış iki dinamik isə səsi dinləyiciyə qulaq hündürlüyündə yayaraq müştərilərimizə canlı musiqi effekti yaşadır. Sistem mikrofonlar vasitəsilə səs həcmini avtomatik nizamlayır və əlavə səslərin dinləyicinin fikrini yayındırmaqdan qoruyur.
"Wraith 'Inspired by Music'" modeli heyrətamiz və səciyyəvi "Bespoke Collections" trilogiyasını tamamlayır. Trilogiyanın birinci modeli olan "Wraith 'Inspired by Film" kino dünyası ilə "Rolls-Royce" avtomobilinin əlaqələrini vurğulayır, sayca ikinci modeli olan "Wraith 'Inspired by Fashion" isə müştərilərinə avtomobillərində yüksək dəbin motivlərindən ilhamlanmış parçaların sahibi olmaq imkanı yaradır.