...

Qiymətli kağızlar bazarında Məlumatların Elektron Açıqlanması Sistemi istifadəyə verilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Fevral 2016 10:17
Fevralın 10-da Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) tərəfindən qiymətli kağızlar bazarında Məlumatların Elektron Açıqlanması Sistemi (MEAS) istifadəyə verilib.
Qiymətli kağızlar bazarında Məlumatların Elektron Açıqlanması Sistemi istifadəyə verilib

Trend-i buradan izləyin

Bakı. Trend:

Fevralın 10-da Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) tərəfindən qiymətli kağızlar bazarında Məlumatların Elektron Açıqlanması Sistemi (MEAS) istifadəyə verilib.

Komitənin İctimaiyyətlə əlaqələr sektorundan Trend-ə verilən məlumata görə, MEAS - qiymətli kağızları kütləvi təklif edilmiş və tənzimlənən bazarda ticarətə buraxılmış emitentlər tərəfindən qanunvericiliklə açıqlanması nəzərdə tutulan məlumatların qəbulu, mərkəzləşdirilmiş qaydada saxlanılması və ictimaiyyətə açıqlanması üzrə vahid məlumat resursudur.

Emitentlər üçün vahid məlumat resursu olan MEAS-ın istifadəyə verilməsi "Qiymətli kağızlar bazarı haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq və Azərbaycan Respublikası Prezidentinin 16 may 2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş "2011-2020-ci illərdə Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının inkişafı Dövlət Proqramı" çərçivəsində maliyyə şəffaflığı prinsiplərinin və korporativ idarəetmənin tətbiqinin genişləndirilməsi məqsədilə həyata keçirilib.

MEAS qiymətli kağızlar bazarında şəffaflığın artırılması, məlumatlara nəzarətin effektivliyinin təmin edilməsi, investorlara dəqiq və dolğun informasiyanın təqdim edilməsi, qiymətli kağızlar bazarında açıqlanan məlumatların mərkəzləşdirilmiş qaydada saxlanılması və proseslərin elektronlaşdırılması üçün yaradılmışdır.
Emitentlər tərəfindən məlumatların açıqlanması və əldə edilməsi "Qiymətli kağızlar bazarında emitentlər tərəfindən məlumatların açıqlanması" Qaydalarına uyğun olaraq www.disclosure.az internet səhifəsi vasitəsi ilə həyata keçirilir.

Emitentlər QKDK-ya müraciət etməklə və ya Asan imza vasitəsilə MEAS-da qeydiyyatdan keçməklə, məlumatları açıqlaya bilərlər. Mobil identifikasiya və imzalama xidməti olan "Asan İmza"nı (www.asanimza.az) dəstəkləyən MEAS-da onlayn rejimdə qeydiyyatdan keçərək, fiziki olaraq heç bir yerə müraciət etmədən emitentlərin öz məlumatlarını elektron şəkildə sistemə yükləmələri mümkündür.

Məlumatların MEAS-da yerləşdirilməsi və açıqlanmış məlumatların əldə edilməsinə görə heç bir ödəniş tələb edilmir.

Qeyd edək ki, qaydalara uyğun olaraq, emitentlər tərəfindən məlumatların açıqlanması MEAS-ın www.disclosure.az rəsmi internet səhifəsində həyata keçirilməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti