...

Qazaxıstan Bakı Beynəlxalq Dəniz Ticarət Limanının işini öyrənəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Fevral 2016 12:27 (UTC +04:00)
Fevralın 16-da Qazaxıstanın baş nazirinin birinci müavini Bakıtjan Saqintayevin başçılıq etdiyi nümayəndə heyəti “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin təcrübəsi ilə tanış olmaq məqsədilə Bakıya səfər edib.
Qazaxıstan Bakı Beynəlxalq Dəniz Ticarət Limanının işini öyrənəcək

Bakı. Trend:

Fevralın 16-da Qazaxıstanın baş nazirinin birinci müavini Bakıtjan Saqintayevin başçılıq etdiyi nümayəndə heyəti "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin təcrübəsi ilə tanış olmaq məqsədilə Bakıya səfər edib. Bu barədə Trend-ə QSC-dən deyiblər.

Səfər zamanı qonaqlar Ələtdə tikilməkdə olan yeni Bakı Limanında və Bakıda yerləşən Əsas Yük Terminalında olublar.

Səfər çərçivəsində Bakı Limanının Baş direktoru Taleh Ziyadov B.Sagintayevin başçılıq etdiyi nümayəndə heyətini Limandakı iş prosesi ilə yaxından tanış edib və tərəflər arasında yükdaşımanın sürətləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

Bakı və Aktau limanları arasında mövcud əməkdaşlıq ənənəsinə uyğun olaraq mütəmadi olaraq məlumat və təcrübə mübadiləsinin aparılması müsbət qiymətləndirilib. Tərəflər bu proseslərin nəticələrindən söz açıb, həmçinin bu istiqamətdə əməkdaşlığın davam etdirəcəyini bildiriblər.

Qeyd edək ki, Bakı Limanı Türkiyədən Orta Asiya istiqamətində hərəkət edən yük maşınları üçün əlverişli şərait yaradılması və ölkə ərazisindən tranzitlə keçən yüklər üçün keçid prosedurlarının sadələşdirilməsi istiqamətində bir sıra işlər görüb. Nəticədə bir müddət əvvəl yük maşınları əraziyə daxil olarkən yükaşırma proseduru 2 gün aldığı halda, yeni sistemin tətbiqindən sonra 3 saat ərzində maşınların bərəyə yüklənməsi mümkün olub.

Ümumiyyətlə son illər ərzində Bakı Limanı tərəfindən liman əməliyyatlarının aparılmasında şəffaflığın təmin edilməsi, yeni innovativ texnologiyanın tətbiq edilməsi və prosedurların beynəlxalq standartlara uyğun aparılması istiqamətində görülmüş mühüm işlər barədə qonaqlara məlumat verilib, Bakı Limanının gələcək planları və perspektivləri barədə danışılıb. Bakı Limanın baş direktoru Liman ətrafında təsis edilməsi planlaşdırılan Azad Ticarət Zonasının ölkəyə və regiona verəcəyi bəhrədən danışaraq bu məsələnin ölkənin qeyri-neft sektorunun inkişafında böyük rol oynayacağını qeyd edib.

B.Saqintayev Aktau dəniz ticarət limanına baş çəkərək gömrük və liman məmurlarını Azərbaycan üzərindən keçib Orta Asiyaya daşınan yüklərin ləngidilməsininin aradan qaldırılması məqsədilə yükdaşımada Azərbaycanın təcrübəsindən faydalanmağı tövsiyə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti