...

Azərbaycanın investisiya imkanları təqdim olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Fevral 2016 15:11 (UTC +04:00)
Bu gün Bakıda İran İslam Respublikasının Şərqi Azərbaycan vilayətinin iş adamlarından ibarət nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan-İran işgüzar görüşü keçirilib.
Azərbaycanın investisiya imkanları təqdim olunub

Bakı. Trend:

Bu gün Bakıda İran İslam Respublikasının Şərqi Azərbaycan vilayətinin iş adamlarından ibarət nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan-İran işgüzar görüşü keçirilib.

İqtisadiyyat Nazirliyinin Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, tədbirdə mədən, qida, kimya, yüngül sənaye, tikinti və mebel istehsalı sahələrində fəaliyyət göstərən 25-dən çox iranlı iş adamı iştirak edib. Azərbaycan tərəfi isə analoji sahələrdə fəaliyyət göstərən sahibkarlarla təmsil olunub.

İqtisadiyyat nazirinin müavini Sahil Babayev Azərbaycan və İran arasında siyasi-iqtisadi əlaqələrin inkişaf etdiyini, dövlət başçılarının qarşılıqlı rəsmi səfərlərinin əməkdaşlığın genişlənməsində mühüm əhəmiyyətini vurğulayıb.

Qeyd edilib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu günlərdə İran İslam Respublikasına rəsmi səfəri çərçivəsində aparılmış müzakirələr və imzalanmış sənədlər iki ölkə arasında əməkdaşlığın inkişafında mühüm əhəmiyyət kəsb edir.

Azərbaycan və İran arasında müxtəlif sahələr üzrə işçi qrupları fəaliyyət göstərir, birgə biznes forum, işgüzar görüş və sərgilər təşkil olunur. İran Azərbaycanın əsas ticarət tərəfdaşlarındandır. Bununla belə, iki ölkə arasında iqtisadiyyatın müxtəlif sahələrində əlaqələrin genişləndirilməsi üçün böyük imkanlar var.

S.Babayev Şərqi Azərbaycan vilayətinin iş adamlarının ölkəmizə səfəri çərçivəsində təşkil edilmiş bugünkü işgüzar görüşün də əməkdaşlığın inkişafına, ticarət əlaqələrinin genişlənməsinə töhfə verəcəyini bildirib. S.Babayev iranlı sahibkarları azərbaycanlı həmkarları ilə fəal əməkdaşlığa dəvət edib.

Tədbirdə İran iş adamlarına Azərbaycanda yaradılmış əlverişli biznes və investisiya mühiti, sahibkarlara göstərilən dövlət dəstəyi mexanizmləri, xarici investorlar üçün yaradılmış əlverişli şərait barədə geniş məlumat verilib.

İranın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Möhsün Pakayin ölkələrimiz arasında əməkdaşlığın digər sahələrdə olduğu kimi iqtisadi sahədə də uğurla davam etdiyini vurğulayıb. İki ölkə arasında əlaqələrin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu diqqətə çatdıran səfir Pakayin yüksək səviyyəli qarşılıqlı səfərlərin, keçirilmiş görüşlərin Azərbaycan-İran əlaqələrinin inkişafına təkan verdiyini xüsusi qeyd edib.

İşgüzar görüş Azərbaycan və İran iş adamlarının əlaqələrin genişləndirilməsi perspektivlərinin müzakirə olunduğu ikitərəfli görüşlərlə davam edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti