Bakı. Trend:
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti istehlakçıların maarifləndirilməsi istiqamətində tədbirlərini davam etdirir.
Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Dövlət Xidmətinin təşkilatçılığı ilə "İstehlakçı hüquqlarının müdafiəsi prioritet vəzifəmizdir" mövzusunda növbəti belə tədbir martın 29-da Azərbaycan Memarlıq və İnşaat Universitetinin nəzdində İnşaat Kollecində keçirilib.
Təhsil müəssisəsinin müəllim və tələbələrinin iştirak etdiyi seminarda iştirakçılara istehlakçıların hüquqlarının qorunması sahəsində qanunvericilik barədə məlumat verilib, istehlakçı hüquqlarının təmin olunmasında dövlət orqanları ilə istehlakçılar arasında əlaqələrin genişləndirilməsinin əhəmiyyəti diqqətə çatdırılıb.
Tədbir çərçivəsində iştirakçıların istehlakçı hüquqları ilə bağlı sualları cavablandırılıb, onlara istehlakçı hüquqlarına dair müxtəlif maarifləndirici materiallar paylanıb.