Bakı. Trend:
Aprelin 14-də İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Gəncə nümayəndəliyinin təşkilatçılığı ilə məcburi köçkünlərin məskunlaşdığı Gəncə şəhərinin Yeni qəsəbəsində burada məskunlaşmış məcburi köçkünlər üçün treninq keçirilib.
Bu barədə Trend-ə İqtisadiyyat Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
"Biznesin əsasları, təşkili və idarə edilməsi", "Biznes planların və investisiya layihələrinin hazırlanması" mövzularını əhatə edən treninqdə biznes mühiti, biznesin planlaşdırılması və idarə edilməsi, insan resurslarından səmərəli istifadə, biznes ideyanın yaradılması, biznes planın tərtib edilməsi və s. barədə ətraflı məlumat verilib.
Bununla yanaşı, tədbirdə İqtisadiyyat Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər barədə məlumat iştirakçıların diqqətinə çatdırılıb.
Treninq çərçivəsində mövzular üzrə təqdimatlar keçirilmiş, iştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanıb, onları maraqlandıran suallar cavablandırılıb.