...

Azərbaycanda kiçik və orta sahibkarlığın inkişafı üzrə strateji hədəflər müəyyənləşdirildi

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Dekabr 2016 18:35 (UTC +04:00)
Azərbaycanda kiçik və orta sahibkarlığın (KOS) inkişafı ilə əlaqədar strateji hədəflər müəyyənləşdirilib.
Azərbaycanda kiçik və orta sahibkarlığın inkişafı üzrə strateji hədəflər müəyyənləşdirildi

Bakı. Trend:

Azərbaycanda kiçik və orta sahibkarlığın (KOS) inkişafı ilə əlaqədar strateji hədəflər müəyyənləşdirilib.

Trend-in məlumatına görə, bu barədə Azərbaycan Prezidentinin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi”ndə deyilir.

Qeyd olunur ki, yol xəritəsi KOS-da iqtisadi islahatların və inkişafın qısa, orta və uzunmüddətli perspektivdə əsas istiqamətlərini müəyyənləşdirir. Bu sənəd 2020-ci ilədək strateji baxışdan, 2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxışdan və 2025-ci ildən sonrakı dövr üçün hədəf baxışdan ibarətdir. Strateji yol xəritəsində 2016-2020-ci illər üçün inkişaf strategiyası və tədbirlər planında yalnız müvafiq dövr üçün strateji məqsəd və hədəflər deyil, eyni zamanda həmin illər ərzində qarşıya qoyulmuş məqsədlərə çatmaq üçün müəyyənləşdirilmiş prioritetlər və həmin prioritetlər çərçivəsində həyata keçiriləcək tədbirlər qeyd edilib və hər bir tədbirin adı, əsas və digər icraçıları, nəticə indikatorları və konkret icra müddəti əks olunub. Həmin prioritetlərin qısamüddətli dövrdə effektiv icrası orta və uzunmüddətli dövrdə həyata keçirilməsi nəzərdə tutulan növbəti addımların əsasını təşkil edəcək və bununla da icra prosesinin səmərəliliyi təmin ediləcək. Yol xəritəsinin icrası qeyri-hökumət təşkilatları, yerli və beynəlxalq özəl sektor tərəfdaşları ilə kommunikasiya və əməkdaşlıq şəraitində təmin ediləcək.

Ölkədə KOS-un inkişafı ilə əlaqədar strateji yol xəritəsində müəyyənləşdirilən strateji məqsədlərə nail olmaq və müvafiq imkanlardan maksimum istifadəni təmin etmək istiqamətində aşağıdakılar strateji hədəf kimi müəyyənləşdirilib:

● uzunmüddətli perspektivdə KOS-un Azərbaycanın ÜDM-nə təsirini artırmaq məqsədilə ölkədə biznes mühitinin və tənzimləyici bazanın daha da yaxşılaşdırılması;
● KOS subyektlərinin dayanıqlı şəbəkəsinin yaradılması məqsədilə maliyyələşmə resurslarına sərfəli və səmərəli çıxışın təmin edilməsi;
● ölkənin valyuta ehtiyatlarının artırılması və ölkədə istehsal olunan malların beynəlxalq standartlara uyğunluğunun təmin edilməsi məqsədilə KOS-un fəaliyyətinin beynəlmiləlləşdirilməsi və xarici bazarlara çıxış imkanlarının artırılması;
● ixtisaslı işçi qüvvəsinin hazırlanmasına və KOS subyektlərinin bacarıqlarının inkişafına xüsusi diqqət ayırmaqla, regional bazarlarda keyfiyyətli məhsul vəxidmətlər təklifininartırılması;
● KOS subyektlərinin rəqabət qabiliyyətinin artırılması üçün innovasiyaların təşviqi, bu sahə ilə bağlı araşdırma və inkişaf fəaliyyətinin gücləndirilməsi.

Yol xəritəsində bildirilir ki, əsas fəaliyyət Azərbaycanda KOS subyektlərinə münasibətdə qanunvericilik bazasının təkmilləşdirilərək maliyyə və vergi siyasətinin stimullaşdırıcı təsirinin gücləndirilməsi, maliyyə resurslarına əlçatanlığın artırılması, texniki və informasiya bazasının gücləndirilməsi və KOS subyektlərinin ərazi üzrə optimal yerləşdirilməsi, daxili bazarın qorunması, bazar infrastrukturlarının inkişaf etdirilməsi, zəruri sənədlərin alınmasında “bir pəncərə” prinsipinin tətbiq edilməsi, bu sahəni təmsil edən subyektlər arasında qarşılıqlı fəaliyyətin gücləndirilməsi və s. kimi istiqamətlərə yönəldiləcək.

Müəyyən edilmiş strateji hədəflərə nail olmaq üçün təxminən 700 milyon manat investisiya tələb olunur ki, nəticədə 2020-ci ildə iqtisadiyyatda təxminən 1 milyard 260 milyon manat əlavə dəyərin və 34 240 yeni iş yerinin yaradılması gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti