Bakı. Samir Əli - Trend:
Xocalı soyqırımının ildönümündə keçiriləcək tədbirlərlə bağlı paytaxtın Yusif Səfərov küçəsindəki təmir işləri sürətləndirilib.
Bu barədə Trend-in sorğusuna cavab olaraq "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib.
Qurum sözçüsü bildirib ki, həmin ərazidə yolda artıq söküntü və tikinti işləri yekunlaşıb:
"Xocalı soyqırımının 25-ci ildönümündə keçiriləcək tədbirlərlə əlaqədar olaraq həmin ərazidə işlər tamamlanır. Yolda təmirə bağlanan hissə fevralın 25-də tam olaraq açılacaq və əhalinin abidəni ziyarət etməsinə şərait yaradılacaq".
A.Nəcəfli bildirib ki, yolda asfaltlanma işləri aparılsa da, hələ tam yekunlaşmayıb: "Sonuncu asfalt qatı hələ vurulmayıb. Gələn həftədən etibarən işlər davam etdiriləcək".