Bakı. Trend:
"Azər Türk Bank" Gəncə şəhərində maliyyə-iqtisad yönümlü fakültələrdə təhsil alan tələbələr və məzunlar üçün Gəncə Dövlət Aqrar Universitetində təlim keçirib.
Bankdan Trend-ə verilən məlumata görə, tədbiri açan Gəncə Dövlət Aqrar Universitetin rektoru, AMEA-nın müxbir üzvü İbrahim Cəfərov iştirakçıları salamlayıb, "Azər Türk Bank"ın bu təşəbbüsünü alqışlayıb.
Tədbirdə Bankın rəhbər işçiləri “Vaxtın səmərəli idarə edilməsi” və “Müasir dövrdə bank sektorunda marketinq və PR-ın rolu” mövzularında çıxış ediblər.
Təlimin əsas məqsədi regionlardakı gənclərin maarfiləndirilməsi, gələcəkdə bank sahəsində çalışacaq kadrların hazırlığına dəstəkdir.
Tədbirin sonunda iştirakçılara sertifikatlar verilib, təlimdə fəallığı ilə seçilən on tələbəyə "Azər Türk Bank" adından korporativ hədiyyələr təqdim edilib, iki tələbə isə Bankın Gəncə filialında 1 ay müddətində təcrübə keçmək imkanı qazanıb.
1995-ci ildən fəaliyyət göstərən “Azər Türk Bank” ASC-nin səhmlərinin 75 faizi Azərbaycan dövlətinə məxsusdur.