...

Gürcüstanda yağ ucuzdur, yoxsa Azərbaycanda? - ARAŞDIRMA

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Sentyabr 2017 17:22 (UTC +04:00)
Azərbaycanda bəzi idxal yağlarının qiymətinin cüzi baha olması nəqliyyat xərcləri ilə əlaqədardır.
Gürcüstanda yağ ucuzdur, yoxsa Azərbaycanda? - ARAŞDIRMA

Bakı. Trend:

Azərbaycan və Gürcüstanda yağın qiyməti təxminən eynidir.

Bunu Trend-ə Sosial-İqtisadi və Ekoloji İnkişaf İctimai Birliyinin sədri Rahilə Mehdiyeva deyib.

Ekspert qeyd edib: "Bir neçə gün bundan öncə KİV-də səsləndirilən bir fikir maraq yaratdı və bu kiçik araşdırmanı aparmaq qərarına gəldik. Söhbət kərə yağının qiymətindən gedir. O kərə yağından ki, materialda deyildiyinə görə Gürcüstanda bizdən 40-45% ucuzdur. İnternet resurslarından əldə etdiyimiz məlumatlara əsasən, Fransada istehsal olunan “President” əmtəə nişanlı yağın 200 qramlıq qablaşdırmada qiyməti Gürcüstanda 6.18 lari (4.26 manat), 400 qramlıq qablaşdırmada qiyməti 11.59 lari (8.00 manat), Finlandiya istehsalı olan “Valio” əmtəə nişanlı yağın 200 qramlıq qablaşdırmada qiyməti 6.13 lari (4.23 manat), 500 qramlıq qablaşdırmada qiyməti isə 14.06 lari (9.70 manat) təşkil edir".

R.Mehdiyeva bildirib ki, Azərbaycanda fəaliyyət göstərən ticarət şəbəkələrində apardıqları müşahidələrə əsasən, “President” əmtəə nişanlı yağın 200 qramlıq qablaşdırmada qiyməti 4.39-4.60 manat, 400 qramlıq qablaşdırmada qiyməti 8.33-8.80 manat, “Valio” əmtəə nişanlı yağın 200 qramlıq qablaşdırmada qiyməti 4.23 manat, 500 qramlıq qablaşdırmada qiyməti isə 9.75 manatdır:

"Bununla belə, yerli yağın qiyməti 200 qramlıq qablaşdırmada Gürcüstanda 4.7 lari (3.24 manat), Azərbaycanda 2.90-3.15 manatdır. Göründüyü kimi, yağın qiyməti hər iki ölkədə təxminən eynidir. Azərbaycanda bəzi idxal yağlarının qiymətinin cüzi baha olması nəqliyyat xərcləri ilə əlaqədardır. Digər tərəfdən, bazar iqtisadiyyatı şəraitində və bazar qanunları baxımından da yağın Gürcüstanda Azərbaycana nisbətən 40-45% ucuz olması inandırıcı görünmür. Belə olsaydı ,istənilən halda yağ Gürcüstandan Azərbaycana gətirilərdi. Əgər yağ Gürcüstandan Azərbaycana gətirilmirsə, deməli, bu iqtisadi cəhətdən səmərəli deyil.

Ona görə də hansısa məhsulların qiymətlərini müqayisə edərkən diqqətli olmaq lazımdır. Belə ki, qiymətləri müqayisə olunan malların həm istehsalçısı, həm çeşidi, həm qablaşdırması, həm tərkibi və s. mütləq eyni olmalıdır. Əks halda, aparılan müqayisə obyektiv olmayacaq və insanlarda çaşqınlıq yaradacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti