...

“DəmirBank”da qorunan əmanətlər üzrə kompensasiyaların verilməsinə başlanılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Fevral 2018 17:30 (UTC +04:00)
Bu gündən etibarən ləğv prosesində olan “DəmirBank” ASC-də qorunan əmanətlər üzrə kompensasiyaların verilməsi prosesinə başlanılıb.
“DəmirBank”da qorunan əmanətlər üzrə kompensasiyaların verilməsinə başlanılıb

Bakı. Trend:

Bu gündən etibarən ləğv prosesində olan “DəmirBank” ASC-də qorunan əmanətlər üzrə kompensasiyaların verilməsi prosesinə başlanılıb.

Əmanətlərin Sığortalanması Fondundan Trend-ə verilən məlumata görə, Azərbaycan iqtisadiyyatında nağdsız dövriyyənin həcminin yüksəldilməsi və ödəniş kartları bazarının inkişaf etdirilməsi istiqamətində həyata keçirilən islahatları nəzərə alaraq, ləğv prosesində olan “DəmirBank” ASC-də qorunan əmanətlər üzrə kompensasiyalar ilk dəfə olaraq nağdsız qaydada “Kapital Bank” ASC-nin adlı debet kartları və “Xəzri” sürətli pul köçürmə sistemi vasitəsilə ödənilir.

Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının 28 dekabr 2017-ci il tarixli iclasının qərarına əsasən “DəmirBank” ASC-də qorunan əmanətlərin kompensasiyaların verilməsi üçün agent-bank qismində “KapitalBank” ASC seçilib.

Kompensasiyaların ödənilməsi “KapitalBank” ASC-nin 26 filialında aparılır.

Kompensasiyaların alınması üçün “Kapital Bank” ASC-nin müvafiq filiallarına müraciət edilərkən kompensasiyaların ödənilməsi prosedurlarına uyğun olaraq əmanətçilərdən əmanət müqaviləsini (əlavələrlə birlikdə), əmanət kitabçasını və əmanətin sahibliyini təsdiq edən digər sənədlərin (hesabdan cıxarışların) və şəxsiyyəti təsdiq edən sənədin təqdim olunması xahiş olunur.

Kompensasiyaların ödənilməsi üçün ərizə formalarını qorunan əmanətçilər 1 fevral 2018-cı il tarixindən etibarən Əmanətlərin Sığortalanması Fondunun Bakı şəhəri, Bülbül prospekti, 40 və Bakı şəhəri, Babək prospekti, 16, ünvanında yerləşən ofislərindən, “KapitalBank”-ın filiallarından və ya ƏSF-nin www.adif.az internet-saytından əldə edə bilərlər.

Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının 22 dekabr 2017-cı il tarixli 49/1 saylı qərarı ilə “DəmirBank” ASC–yə bank fəaliyyəti üçün verilmiş lisenziya 23 dekabr 2017-ci il tarixindən ləğv edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti