...

AMB: Azərbaycanın valyuta ehtiyatları əhəmiyyətli dərəcədə artacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Aprel 2018 17:25 (UTC +04:00)

Bakı. Ənvər Məmmədov - Trend:

Azərbaycan Mərkəzi Bankı (AMB) 2018-ci ilin yekunu üzrə valyuta ehtiyatlarının əhəmiyyətli dərəcədə artacağını gözləyir.

Trend-in məlumatına görə, bu barədə Mərkəzi Bankın sədri Elman Rüstəmov mətbuat konfransında deyib.

E.Rüstəmov bildirib ki, ölkənin ixrac potensialının yüksəlməsi, habelə əlverişli beynəlxalq iqtisadi konyunktur şəraitində xarici sektor göstəricilərinin 2017-ci ildən başlanan yaxşılaşması prosesi 2018-ci ilin ötən dövründə də davam edib:

"Yanvar-mart aylarında xarici ticarət dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 31% artıb. Qeyri-neft ixracı bu dövrdə 37% artıb. Ticarət balansı ilə yanaşı, xidmətlər balansında da yaxşılaşma davam edir".

O qeyd edib ki, xarici ticarət balansının profisitliyi şəraitində ölkənin strateji valyuta ehtiyatları 2018-ci ilin I rübündə 2,2 milyard dollar məbləğində artıb: "Son proqnozlara görə mövcud şərtlər çərçivəsində 2018-ci ilin qalan dövründə də tədiyə balansı göstəricilərinin əlverişli olaraq qalacağı gözlənilir".

AMB sədri əlavə edib ki, xarici sektor göstəricilərinin pozitiv dinamikası şəraitində və qəbul olunmuş makroiqtisadi siyasət çərçivəsində manatın məzənnəsinin sabitliyi davam edib:

"Manatın məzənnəsinin sabit qalması inflyasiya səviyyəsinə və inflyasiya gözləntilərinə azaldıcı təsir göstərən mühüm amillərdən biri olub. Məzənnənin sabitliyi başlıca olaraq əhalinin əmanətləri üzrə dollarlaşmanın azalması proseslərinin sürətlənməsi ilə müşayiət olunub".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti