...

Orxan Məmmədov: Azərbaycanla Qara dəniz ölkələri arasında KOB sahəsində əməkdaşlıq üçün böyük potensial var

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Noyabr 2018 12:40 (UTC +04:00)
Azərbaycanla Qara dəniz ölkələri arasında kiçik və orta biznes (KOB) sahəsində işgüzar əməkdaşlıq üçün böyük potensial var
Orxan Məmmədov: Azərbaycanla Qara dəniz ölkələri arasında KOB sahəsində əməkdaşlıq üçün böyük potensial var

Bakı. Taleh Mursaqulov - Trend:

Azərbaycanla Qara dəniz ölkələri arasında kiçik və orta biznes (KOB) sahəsində işgüzar əməkdaşlıq üçün böyük potensial var.

Trend-in məlumatına görə, bunu “Qara Dəniz regionunda kiçik və orta sahibkarlığın inkişafı”na dair beynəlxalq Biznes Forumda Kiçik və Orta Biznesin İnkişaf Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov deyib.

İlk növbədə belə bir tədbirin təşkili münasibəti ilə Təşkilat Komitəsini Kiçik və Orta Biznesin İnkişafı Agentliyi adından təbrik edən sədr deyib:

"Məlumdur ki, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Biznes Şurası üzv ölkələrin biznes dairələri arasında əməkdaşlığı təşviq edən səmərəli platforma kimi fəaliyyət göstərir. Bu çərçivədə, Qara Dəniz regionunda Kiçik və Orta Sahibkarlığın inkişafına həsr edilmiş bugünkü Forumun əhəmiyyəti, biznes qurumlar arasında tərəfdaşlıq münasibətlərinin inkişafı baxımından olduqca böyükdür".

O.Məmmədov vurğulayıb ki, bu tədbir eyni zamanda ölkəmizdə keçirilməsi ilə də əlamətdardır: "Forumda panel iclaslar çərçivəsində mümkün əməkdaşlıq imkanları ilə bağlı çox aktual məsələlər müzakirə olunacaqdır. Əminəm ki, aparılacaq müzakirələr, keçiriləcək görüşlər biznes dairələr arasında tərəfdaşlıq münasibətlərinin genişlənməsi yönümündə yeni inkişaf təşəbbüslərinin əsasını qoyacaqdır".

Agentlik rəsmisinin sözlərinə görə, kiçik və orta sahibkarlığın dayanıqlı inkişafı dünya ölkələrində iqtisadi siyasətin tərkib elementi kimi hər zaman prioritet təşkil etməkdədir: "Bu istiqamətdə ölkəmizdə də uğurlu islahatlar həyata keçirilməkdədir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə yaradılmış Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, bu sahədə idarəçilik sisteminin müasir tələblərə uyğunlaşdırılmasına, eləcə də kiçik və orta sahibkarlığın ölkə iqtisadiyyatında rolunun artırılmasına xidmət edəcəkdir. Fəaliyyətə başlamasından az müddət keçməsinə baxmayaraq qarşımıza qoyulmuş vəzifələrin yerinə yetirilməsi məqsədilə hazırda Agentlik tərəfindən bir sıra strateji təşəbbüslər reallaşdırılmaqdadır.

Belə ki, Agentlik tərəfindən “Kiçik və Orta Biznes Evləri”nin yaradılması ilə bağlı işlər aparılmaqdadır. Bu Evlərdə bir məkan prinsipi əsasında dövlət təşkilatlarının G2B xidmətləri və B2B xidmətləri operativ şəkildə təmin ediləcək, sahibkarlar bu evlərdə çoxsalyı dəstək tədbirləri ilə əhatə olunacaqdır. Eyni zamanda elektron formada vahid platforma üzərindən xidmətlərin göstərilməsini təmin edəcək “e-KOB evi” portalının yaradılması ilə bağlı işlərə də başlanmışdır. Əminik ki, bu Sahibkar Evləri ölkəmizin yeni innovativ brendi kimi təqdim ediləcəkdir. Fürsətdən istifadə edərək qeyd etmək istərdim ki, biz əldə edilmiş müsbət təcrübələrin, eləcə də, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrdə tətbiq olunan yeniliklərin mübadiləsində maraqlıyıq.

Ümumiyyətlə Agentlik bütün fəaliyyət istiqamətləri üzrə sahibkarlar, investorlar, dövlət qurumları və beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq şəraitində fəaliyyət göstərəcəkdir".

O.Məmmədov hesab edir ki, Qara Dəniz Ölkələrinin biznes dairələri arasında yeni əlaqələrin qurulması və mövcud əlaqələrin genişləndirilməsi üçün potensial genişdir: "Bu potensialın reallaşdırılması üçün bu kimi Forum və tədbirlərin təşkili istiqamətində müvafiq qurumlar birgə səylərini artırmalı və regionda fəaliyyət göstərən kiçik və orta biznes subyekləri arasında işgüzar münasibətlərin inkişafını təşviq etməliyik.

Bir sözlə, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi yeni yaranmış qurum olmasına baxmayaraq Qara Dəniz regionunda fəaliyyət göstərən analoji qurum və təşkilatlar ilə yaxından əməkdaşlıq etməyə hazırdır".

Sədr Forumun təqdim etdiyi bu platformadan istifadə edərək iş adamlarını sıx əməkdaşlığa dəvət edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti