Bakı. Azad Həsənli - Trend
Davam edən vergi islahatları Azərbaycanın xalis kredit mövqelərini daha da gücləndirəcək.
Trend-in məlumatına görə, bu barədə "Moody's Investors Service"in Azərbaycan iqtisadiyyatının hazırkı vəziyyəti barədə hesabatında deyilir.
Bu cür islahatlar arasında agentlik yeni büdcə qaydasını və dövlət borcunun idarə olunması ilə bağlı strategiyanı qeyd edib. Hesabatda qeyd olunur ki, yeni büdcə qaydası səmərəli tətbiq olunarsa, ölkənin iqtisadi sabitliyini dəstəkləyəcək. Bununla belə, iqtisadi səmərə biznes və istehlakçıların vergi siyasətinə etimadı artdıqca tədricən hiss olunacaq.
Bildirilir ki, Azərbaycanın suveren kredit portfeli artan aktivlərlə də dəstəklənir. Belə ki, 2019-cu ilin aprelin 1-dək Azərbaycan Dövlət Neft Fondunun (SOFAZ) aktivləri 40,3 milyard dollar təşkil edib. Bu isə 2017-ci ilin dekabrından 12,5 faiz çoxdur və 2018-ci ilin sonunda birbaşa dövlət borcları və təminatları 1,7 dəfə üstələyir.
Analoji reytinqə malik digər karbohidrogen istehsalçıları ilə müqayisədə Azərbaycan xalis suveren aktivlərinin daha böyük həcminə malikdir. Hesabatda vurğulanır ki, bu rəqəm ÜDM-in 53 faizinə bərabərdir.
İslahatları qeyd edən agentlik, həmçinin 2016-cı ilin dekabrında qəbul olunan strateji yol xəritələrini xatırladıb. Analitiklərin fikrincə, yol xəritələrinin əhatə etdiyi istiqamətlər arasında ən böyük şaxələndirmə potensialına turizm, nəqliyyat və logistika sahələri malikdir.