Bakı. Trend:
Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondu işğaldan azad olunmuş ərazilərdə sahibkarlıq subyektləri üçün yeni kredit mexanizmləri qəbul edib.
Trend-in məlumatına görə, bu barədə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondunun idarə heyətinin sədri Osman Xaliyev 2022-ci ilin yekunlarına həsr edilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, bu sahibkarlıq subyektləri üçün kredit portfeli 500 milyon manat dəyərində formalaşıb.
"Bu mexanizm çərçivəsində tərəfimizdən dövlət təminatı üçün 450 milyon manat, subsidiyalaşdırma üçün isə 150 milyon manat ayrılıb", - o qeyd edib.
Xaliyev, həmçinin, Qarabağdakı sahibkarlıq subyektinin əldə edə biləcəyi güzəştli kreditin maksimal həcminin beş milyon manatdan artıq olmayacağını vurğulayıb.
"Verilən kreditlərin 90 faizinə dövlət tərəfindən təminat verilə bilər, faiz dərəcəsi isə 15 faizdən yüksək olmamalıdır", - o qeyd edib.
Qeyd edək ki, 2022-ci ilin yekunlarına əsasən, Sahibkarlığın İnkişafı Fondu tərəfindən kiçik və orta sahibkarlıq layihəsi ücün 104,2 milyon manat güzəştli kredit ayrılıb.