...

İİN –nin Antiinhisar siyasəti departamenti sərinləşdirici içki bazarında qanun pozuntusu aşkar edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Avqust 2006 14:19 (UTC +04:00)

İqtisadi İnkişaf Nazirliyinin (İİN) Antiinhisar siyasəti departamenti pivə və sərinləşdirici içki bazarında monitorinq keçirib. Trend in İİN-nin press-relizinə istinadən verdiyi xəbərə görə, Bakıda qida məhsullarının satışını həyata keçirən ticarət obyektlərində keçirilmiş monitorinq zamanı üzərində istehsalçı müəssisənin adı, ünvanı, istehsal və son istifadə tarixləri və istehlakçı üçün zəruri digər məlumatların göstərilmədiyi su, pivə və sərinləşdirici içkilərin satıldığı aşkar olunub.

Bəzi mağazalarda həmçinin su və sərinləşdirici içkilərin saxlanması zamanı temperatur rejiminin pozulması, qablaşdırma zamanı yararsız sayılan plastik qablardan təkrar istifadə olunma faktları da aşkar edilib. Həm də istifadə edilən plastik qablar ictimai-iaşə obyektlərindən, kafelərdən, küçələrdən, hətta antisanitar yerlərdən yığılır və su istehsal edən sexlərə təhvil verilir. Bəzi istehsalçılar bu plastik qablardan istifadə edərək, insan səhhəti üçün təhlükə yaradan içkilər istehsal edir və ucuz qiymətə satırlar.

Müşahidələr göstərib ki, həmin içkilər avtovağzal ərazilərində, bazarlarda, yarmarkalarda, məktəblərin qarşısında və respublikanın digər şəhər və rayonlarında bir sıra satış obyektlərində satılır.

Antiinhisar departamentinin keçirdiyi monitorinqlər zamanı keyfiyyətin müəyyən edilməsi məqsədi ilə paytaxtın 20 mağazasında 26 müəssisədə istehsal edilmiş 41 adda su, pivə və sərinləşdirici içkilərdən nümunələr götürülüb. Laborator tədqiqatların nəticələrinə görə, aşkar edilib ki, 10 müəssisədə istehsal edilmiş 13 su, pivə və sərinləşdirici içki nümunələrinin sanitar normaların, bəzilərinin isə standartların tələblərinə cavab vermədiyi məlum olub.

Monitorinq həmçinin istehsalçıların birbaşa satış fəaliyyətini həyata keçirən anbar və obyektləri də əhatə edib.

Bakı, Yevlax, Göyçay, Ağdaş, Xanlar, Ağstafa, Salyan, Masallı, Lənkəran, Xudat və Xaçmaz şəhərlərində 18 müəssisədə istehsal edilən 29 adda su, pivə və sərinləşdirici içkilərin laborator müayinəsi nəticəsində 21 adda içkidə keyfiyyət göstəricilərinə görə normativ-texniki sənədlərdən kənarlaşma aşkar edilib. Bu qanun pozuntularının aradan qaldırılması üçün icrası məcburi olan göstərişlər verilib.

Məlumatda qeyd olunub ki, sahibkarların əksəriyyəti artıq pozuntuları aradan qaldırıb və məhsulları təkrar müayinədən keçirərək, bu barədə Departamentə məlumat veriblər.

Gəncə şəhərində də etiketlənməsi normalara uyğun olmayan, mənşəyi bəlli olmayan içkilərlə yanaşı, istifadə olunmuş plastik qablara təkrar qablaşdırılan sərinləşdirici içkilərin satışı geniş yayılıb. "Üç bulaq", "Tərxun", "Gülazar" və "Portağal" içkilərində bağırsaq çöpləri qrupundan bakteriyalar aşkar olunub. Bundan başqa, içkilər quru maddələrin kütlə payı, codluq, turşuluq göstəricilərinə görə normativ-texniki sənədlərə uyğun gəlməyib.

Laborator müayinələr zamanı həmçinin bəzi pivə növlərində də bağırsaq çöplərinin olduğu aşkar olunub. Aşkar olunmuş faktlara əsasən, sağlamlıq üçün təhlükə yaradan məhsulların satışının dayandırılması və pozuntuların qısa zamanda aradan qaldırılması üzrə göstərişlər verilib.

Xəbər lenti

Xəbər lenti