Gədəbəy rayonunun İcra hakimiyyəti su kəməri xətlərinin, şəhərdaxili kanalizasiya sisteminin əsaslı təmiri, yolların təmiri, rayonun abadlaşdırılması üzrə işlərin satınalınması üçün tenderi açıq elan edib. Trend tender komissiyasının məlumatına istinadən xəbər verir ki, bu işlər Azərbaycan Dövlət Neft Fondunun vəsaitləri hesabına maliyyələşdiriləcək.
Tender üç lot üzrə keçirilir: şəhərin abadlaşdırılması, şəhərdaxili küçə və yolların əsaslı təmiri, Gədəbəydə şəhərdaxili kanalizasiya sisteminin quraşdırılması üzrə təmir və su kəmərlərinin əsaslı təmiri. Tender təklifləri 24 oktyabr 2006-cı il saat 12.00-a qədər qəbul olunur, tender proseduru isə oktyabrın 25-də keçiriləcək. İşlər 2006-cı ilin sonunadək yerinə yetiriləcək.
Tenderin hər bir lotunda iştirakın dəyəri 30 AZN -dir. Tenderdə iştirak üçün təqdim olunmalı sənədlərin arasında təklifin dəyərinin 1 %-i həcmində bank zəmanəti, son bir il ərzində maliyyə vəziyyəti haqqında bank arayışı, iştirakçıların potensial imkanları haqqında texniki informasiya, vergilər və digər ödənişlər üzrə cari öhdəliklər haqqında arayış, fəaliyyətin son ilinin maliyyə hesabatının vergi orqanları tərəfindən təsdiq edilmiş surəti olmalıdır.