...

Oğurlanmış 118 nəqliyyat vasitəsi tapılaraq sahiblərinə qaytarılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Oktyabr 2006 12:21 (UTC +04:00)

2006-cı ilin 9 ayı ərzində cinayətkarlar tərəfindən oğurlanmış 118 nəqliyyat vasitəsi tapılaraq sahiblərinə qaytarılıb. Bu barədə Trend ə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) şöbə rəisi Ərəstun Məcidov məlumat verib.

Ümumilikdə isə qeyd olunan dövr ərzində BDYPİ-nə nəqliyyat vasitələrinin oğurlanması və qaçırılması barədə 126 məlumat daxil olub.

Cari ilin qeyd olunan dövrü ərzində müxtəlif növ cinayət törətdiklərinə görə axtarışda olan 31 nəfər BDYPİ əməkdaşları tərəfindən tutularaq istintaq orqanlarına təhvil verilib. Həmin müddətdə 4692,64 qram narkotik maddə, o cümlədən 100,94 qram heroin və 90 yabanı kol aşkar olunub.

Yol nəqliyyat hadisələrinə gəlincə isə, təkcə Bakıda 1179 yol-nəqliyyat hadisəsi baş verib ki, nəticədə 290 nəfər həlak olub, 1340 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb. Ölənlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 4 fakt azalıb.

BDYPİ əməkdaşları 560 min 489 yol-hərəkət qaydası (YHQ) pozuntusu, o cümlədən nəqliyyat vasitələrinin sərxoş sürücülər tərəfindən idarə olunması ilə bağlı 15 min 14 fakt aşkar ediblər. Yol hərəkəto qaydalarının pozuntusuna görə 118 mindən çox sürücü yerindəcə cərimə olunub, 2 min 188 sürücünün hüququ müxtəlif müddətlərə məhdudlaşdırılıb.

Xəbər lenti

Xəbər lenti