Beynəlxalq əmək təşkilatının dəstəyi ilə 2007-ci il yanvarın 23-24-də Tbilisidə "Səmərəlilik və rəqabət qabiliyyəti üzrə" regional seminar keçiriləcək. Trend Azərbaycan Milli sahibkarlar konfederasiyasının (AMSK) çərşənbə günü yaydığı press-relizə istinadən xəbər verir ki, tədbir AMSK və Gürcüstanın İşə götürənlər assosiasiyası tərəfindən təşkil olunub.
Seminarın keçirilməsinin başlıca məqsədi bölgədə səmərəlilik və rəqabət qabiliyyəti üzrə fəaliyyətin həyata keçirilməsində təcrübə mübadiləsi, bu istiqamətdə tədqiqatlarının nəticələrinin, treninqlərin keçirilməsi məsələlərinin, səmərəlilik və rəqabət qabiliyyəti üzrə milli mərkəzlərin yaradılmasının müzakirəsi, işə götürənlər təşkilatı tərəfindən bu sahədə fəaliyyət istiqamətlərinin müəyyən olunmasıdır.
Seminarda hökümət nümayəndələrinin, AR, Gürcüstan, Qırğızıstan, Tacikistan və Özbəkistanın işə götürən təşkilatları və iş adamlarının iştirak edəcəyi gözlənilir.
Azərbaycandan tədbirdə AMSK prezidenti Ələkbər Məmmədov iştirak edəcək və seminar iştirakçılarına "Azərbaycanda işə götürən təşkilatların fəaliyyətinin və rəqabət qabiliyyətinin artırılması üzrə" layihənin nəticələri haqqında məlumat verəcək.