Qazaxıstan Maliyyə Nazirliyinin gömrük nəzarət komitəsi respublikanın su sərhədlərində gəmilərə nəzarətlə bağlı Azərbaycanın təcrübəsini öyrənmək niyyətindədir. Bu barədə Qazaxıstan Maliyyə Nazirliyinin gömrük nəzarət komitəsinin sədr müavini Serjan Duysebayev Trend ə bildirib.
Azərbaycanla yanaşı, Qazaxıstan bütün Xəzər regionu ölkələrinin su sərhədlərinin müdafiəsi sahəsində aparılan işlə tanış olmağı düşünür.
S.Duysebayev bildirib: "Hələ 2006-cı ildə Qazaxıstan nümayəndələri Azərbaycan Gömrük Komitəsinin sədri Aydın Əliyevlə dəfələrlə görüşüb, iki ölkə arasında əməkdaşlıq məsələsi müzakirə edilib".
Azərbaycan Gömrük Komitəsinin işini Qazaxıstan Gömrük Komitəsinin yalnız Xəzəryanı regional şöbələri öyrənəcək.