...

Azərbaycan WOCCU konfransında iştirak edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 İyul 2007 19:33 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir İ.Xəlilova/ Azərbaycan ilk dəfə olaraq Kredit Ittifaqlarının Beynəlxalq Şurası (WOCCU) tərəfindən təşkil olunacaq Dünya Kredit İttifaqları Konfransında (World Credit Union Conference 2007) iştirak edəcək. Bu barədə məlumat çərşənbə günü Kredit İttifaqları Assosiasiaysından verilib.

Konfrans 29 iyul-1 avqust tarixində Kanadanın Kalqari şəhərində keçiriəcək. Konfransda 40-dan artıq ölkəni təmsil edən kredit ittifaqları iştirak edəcək.

Dördgünlük konfrans proqramı sənayenin mövcud problemləri, innovasiya və yeni ideyaları əhatə edir ki, bu da öz növbəsində gələcəkdə kredit ittifaqlarında tətbiq edilə bilər. Konfrans çərçivəsində Kanada kredit ittifaqlarının interaktiv sistemi üzvlərinin forumunun keçirilməsi gözlənilir. Həmçinin, konfrans iştirakçıları bu ölkənin kredit ittifaqlarının işləri ilə tanış olacaqlar.

Konfransda Azərbaycanı İcraçı Kredit Agentliyinin (İKA) baş direktoru Məcid Əsədov və Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd təsərrüfatı kreditləri üzrə Dövlət Agentliyinin "Kənd təsərrüfatının inkişafı və kreditləşməsi" layihəsinin direktoru Hüseyn Hüseynov təmsil edəcəklər.

Azərbaycan Kredit Ittifaqları Assosiasiyası 2003-cü ildə yaradılıb. Assosiasiyanın əsas məqsədi - kredit ittifaqlarının lobbiləşdirilməsi, ölkə daxilində kredit ittifaqları şəbəkəsinin inkişafı və bu məqsədlərə çatmaq üçün təlimlərin keçirilməsidir.

İKA-nin təsisçisi Azərbaycan Kredit Ittifaqları Assosiasiyasıdır.

Azərbaycan Kredit Ittifaqları Assosiasiyasının strateji planına əsasən, qurum 2008-ci ildə WOCCU-ya üzv olmağı planlaşdırır.

Xəbər lenti

Xəbər lenti