Azərbaycan, Bakı /müx. Trend S.Babayeva/ Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, Azərbaycanda yanvar-may ayları ərzində 1025,3 mln. manat həcmində tikinti işləri həyata keçirilib və bu, 2006-cı ilin analoji dövrünün göstəricisindən 40,6% çoxdur.
Tikinti sektorunda göstərilən xidmətlərin ümumi həcminin 303,9 mln. manatı dövlət müəssisələrinin, 721,4 mln. manatı isə özəl müəssisələrinin payına düşür.
Tikinti işlərinin ümumi həcminin 79,5%-i və ya 815,7 mln. manatı yeni tikililərin, 12,1%-i və ya 123,7 mln. manatı əsaslı təmirin, 3,7%-i və ya 38 mln. manatı cari təmirin, 4,7%-i və ya 47,9 mln. manatı digər tikinti işlərinin payına düşüb.
Yanvar-may aylarında tikinti sahəsində çalışanların nominal orta aylıq əmək haqqı 369,2 manat təşkil edib ki, bu da 2006-cı ilin analoji göstəricisindən 17,1% çoxdur. İri tikinti şirkətlərinin işçilərinin əmək haqqı 421 manat təşkil edib.