İsrail, Qüds, 22 yanvar / " , müxbir R.Abdullayev/ Azərbaycan neftinin Uzaq Şərqə nəql olunması üçün İsrail körpü ola bilər. "Ha-Aretz" qəzetinin işgüzar hissəsi olan "Marker" qəzeti yazır ki, "Aşkelon- Eylat" boru kəməri şirkəti İsraildə öz infrastrukturunu istifadə edərək Türkiyənin Ceyhan limanından Şərqi Asiyaya xam neftin nəql olunması üzrə marşrutun yaradılması təşəbbüsü ilə çıxış edib.
Məqalənin müəllifi Avi Bar Elinin rəyinə görə, layihə yüklərin nəql olunması üzrə enerji şirkətləri konsorsiumu tərəfindən reallaşdırılacaq. Qarşılıqlı anlaşma memorandumunun üç aydan gec olmamaq şərti ilə imzalanması gözlənilir.
İsrailin neftə olan illik təlabatı 12 mln. ton təşkil edir. Bu həcmin 2 mln. tonu Azərbaycan nefti hesabına təmin olunur. Bakı-Tbilisi-Ceyhan boru kəmərinin çəkilməsi isə Azərbaycan neftinin İsrailə tədarük yolunu 2 min km-dən 600 km-ə qədər azaldıb. Bir il öncə Bakıya gələn İsrailin infrastruktur naziri Binyamin Ben Eliezer bildirmişdi ki, İsrail Azərbaycan neftinin Asiya bazarlarına daşınması üzrə öz nəqliyyat xidmətlərini təklif etməyə hazırdır. Neftin Ceyhan limanından İsrailin Aralıq dənizindəki Aşkelon limanına çatdırılması təklif olunur. Oradan isə artıq neftin mövcud boru kəməri ilə İsrailin Qırmızı dənzdəki Eylat limanına nəql olunması, daha sonra isə tankerlər vasitəsilə Asiya ölkələrinə çatdırılması nəzərdə tutulur. Layihə neftə olan təlabatın artdığı Hindistan və Çin aləmində yaxşı imkanlara malikdir.
"Marker" qəzetində çıxan məqalə müəllifi yazır ki, "Eylat-Aşkelon" boru kəməri şirkəti bu yaxınlarda nümunə üçün sınaq keçirib. Türkiyənin neft tankeri Aşkelona göndərilib, şirkət isə nefti Eylata nəql edib. Məqalə müəllifinin rəyinə görə, layihə təşəbbüsçüləri hesab edirlər ki, Türkiyə-İsrail nəql xətti vasitəsilə neft idxalçıları üçün vaxt və qiymət baxımından iqtisadi mənfəət 1 ton üçün 4 dollar təşkil edir.
"Hazıkı təşəbbüs Yaxın Şərq regionu üçün mühüm strateji layihədir. Bu, İsrail və Türkiyə arasında möhkəm həqiqi tərəfdaşlığa imkan yaradacaq" - deyə Trend a Türkiyənin İsraildəki səfiri Namik Tan bildirib.
Diplomatın rəyinə görə, bu layihə strategiyanın ayrılmaz hissəsi olan çox boru kəmərli enerji dəhlizindən ibarətdir. Bunun perspektivində neft, qaz və suyun nəql olunması üçün təyin edilən dörd boru kəmərinin tikintisi nəzərdə tutulub.
Tan qeyd edib ki, bu layihə sayəsində Türkiyənin Ceyhan limanı boru kəməri vasitəsilə Aşkelonla birləşəcək. Türkiyə, öz növbəsində Qara dənizdə Samsun limanı ilə Ceyhan arasında digər boru kəmərinin çəkilməsində maraqlıdır. Plana əsasən, boru kəməri Ceyhana 60 mln. ton neft nəql edəcək. Bu, iqtisadi nöqteyi-nəzərdən layihənin daha cəlbedici olmasına səbə olacaq.
Hayfa Universitetinin Orta Asiya və Cənubi Qafqaz üzrə eksperti Avinoama İdananın rəyinə görə, Azərbaycan neftinin Türkiyənin Ceyhan limanından Aşkelon-Eylat boru kəməri vasitəsilə Şərqşi Asiya regionuna nəql olunma təşəbbüsü Azərbaycan, İsrail və Türkiyə maraqlarının inteqrasiyasını özündə əks etdirir.
"Əgər əvvəllər Aşkelon-Eylat boru kəməri İran neftinin Fars körfəzindən Qara dəniz vasitəsilə Aralıq dənizi ölkələrinə nəql olunmasına xidmət edirdisə, bu gün İsrail onun istiqamətini dəyişib. İndi neft Aralıq dənizindən Qırmızı dəniz vasitəsilə Şərqi Asiya ölkələrinə çatdırılır" - deyə ekspert bildirib.
İsrail ekspertinin rəyinə görə, layihənin həyata keçirilməsində geosiyasi dolaşıqlığa yer yoxdur, burada daha çox iqtisadi amillər mövcuddur.
Belə olan halda "Eylat-Aşkelon" boru kəməri şirkətinin təşəbbüsü İsraili Avroasiya və Şəqri birləşdirən körpüyə çevirməklə, qlobal enerji bazarı və beynəlxalnq münasibətlər sistemi üçün şəraiti ehtiva edir.
Bu təşəbbüs nəinki enerji, həmçinin digər əhəmiyyətli iqtisadi və sosial-mədəni sahələrdə münasib əməkdaşlıq üçün imkan yaradacaq.