Azərbaycan, Bakı, 30 mart / Trend , müxbir S.Babayeva/ Cari ilin yanvar-fevral ayları ərzində Azərbaycanın iri maşınqayırma müəssisəsi olan "Azneftkimyamash" ASC məhsul istehsalını 42,4 faiz artırıb. Bu barədə bazar günü ASC-nin baş iqtisadçısı Nəriman Böyükkişi məlumat verib.
"Artım istehsalın gücləndirilməsi hesabına mümkün olub" - deyə Böyükkişi bildirib.
Onun sözlərinə görə, iki ay ərzində 5,8 mln. manat dəyərində neftmədən, geoloji kəşfiyyat avadanlıqları və onlar üçün alət və ehtiyat hissələri istehsal olunub.
Bu dövr ərzində Suraxanı maşınqayırma zavodu 800 min manat, "Bakı fəhləsi" zavodu 670 min manat, Sabunçu EİB 490 min manat, Bakı neft maşınqayırma zavodu 405 min manat, Zabrat maşınqayırma zavodu 900 min manat, Səttarxan adına zavod 340 min manat, Sərdarov adına zavod 565 min manat, Bakı neftmədən zavodu isə 612 min manat dəyərində məhsul istehsal edib.
Bu dövr ərzində daxili və ixrac bazarlarında reallaşdırılan məhsulların dəyəri 5 mln. manat təşkil edib.
Cari ildə "Azneftkimyamash" ASC 33,5 mln. manat həcmində istehsal praqnozlaşdırır.
"Azneftkimyamash" ASC ölkə prezidentinin 2001-ci il 22 mart tarixli sərəncamına əsasən "Azneftkimyamash" DK-nın bazasında yaradılıb. ASC-nin tərkibinə 14 maşınqayırma zavodu, dörd elmi-tədqiqat və layihə-konstruktor institutu daxildir.