...

Türkiyə üçün Azərbaycan qazının qiymət dəhlizi ləğv oluna bilər

Energetika Materials 23 Aprel 2008 14:37 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 aprel / " , müxbir S.Əliyev/ Cari il aprelin 15-nə qədər Azərbaycanın "Şahdəniz" yatağından hasil olunan, 1 min kubmetri 70-120 dollar qiymət dəhlizində Türkiyəyə satılan qazın müddəti başa çatır.

Çərşənbə günü Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) yüksək vəzifəli nümayəndəsi bildirib ki, hazırda "Şahdəniz" yatağından hasil olunan qazın Türkiyəyə yeni qiymətlə satışına dair danışıqlar aparılır.

"Türkiyə üçün qazın qiymətlərinin dəyişdirilməsi barədə qərar qəbul olunsa, Türkiyə tərəfi aprelin 15-dən ödənişi yeni qiymətlərlə həyata keçirəcək" - deyə ARDNŞ nümayəndəsi bildirib.

Onun fikrincə, ola bilsin ki, artıq Türkiyə üçün 2008-ci il aprelin 15-dək qüvvədə olan qiymət dəhlizi yenidən tətbiq olunmasın.

Bu ay Norveçin "StatoilHydro" şirkətinin Bakı nümayəndəliyinin rəhbəri Kristian Xausken Trend a bildirib ki, "Şahdəniz" yatağından hasil olunan qazın qiymətlərinin dəyişdirilməsi barədə Türkiyə ilə davam edən danışıqları müsbət qiymətləndirir.

"StatoilHydro" şirkəti Azərbaycan şirkətinin qaz nəqli üzrə operatorudur (Azerbaijan Gas Supply Company).

Hazırda "Şahdəniz" yatağında dörd qabaqlayıcı quyudan 21-22 mln. kubmetr həcmində qaz hasil olunur. Bu həcmdən sutkada təxminən 13-14 mln. kubmetr qazı Türkiyə, 7 mln. kubmetrdən artıq qazı Azərbaycan və 1 mln. kubmetr qazı isə Gürcüstan alır. Cari ilin ortalarında beşinci quyunun qazılması başa çatacaq.

"Şahdəniz" yatağının işlənməsinə dair müqavilə 1996-cı il iyunun 4-də imzalanıb. "Şahdəniz" layihəsi üzrə hasilatda iştirakçı paya dair müqavilənin iştirakçıları BP (operator-25,5%), "StatoilHydro " (25,5%), Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (ARDNŞ 10%), "LUKAgip" (10% ), NİCO (10%), "Total"(l0%), və TRAO (9%) şirkətləridir.

Yataqda qaz hasilatı 2006-cı ilin dekabrında başlanıb. Hazırda qaz Cənubi Qafqaz qaz kəməri vasitəsilə Gürcüstan və Türkiyəyə nəql olunur. Azərbaycan da bu qazın alıcısı qismində çıxış edir.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti