Gürcüstan, Tbilisi, 06 may/ Trend , müxbir N.Kirtsxaliya/ Gürcüstan-Rusiya münasibətlərinin kəskinləşməsinə baxmayaraq, rəsmi Tbilisi iri Rusiya şirkətlərinin ölkə iqtisadiyyatına investisiya yatırmalarına mane olmaq niyyətində deyil. Bu barədə Gürcüstanın iqtisadiyyat naziri Eka Şaraşidze çərşənbə axşamı brifinqdə məlumat verib.
O, Gürcüstana yatırılan investisiyaların həcmini genişləndirmək niyyətində olan İNTER-RAO YES-in bugünkü bəyanatına bu şəkildə reaksiya göstərib.
" Bəzi qonşularımızdan fərqli olaraq, biz şirkətləri məxsus olduqları müxtəlif ölkələrə görə ayırmaq niyyətində deyilik. Bundan əlavə, bizim RAO YES ilə gözəl işgüzar münasibətlərimiz var və qarşılıqlı anlaşma mövcuddur",- Şaraşidze vurğulayıb.
O, Gürcüstanın istənilən investisiyaları alqışladığını bildirib.
Nazir qeyd edib ki, RAO YES Gürcüstanda iri SES, elektrik enerjisinin ixracı üçün EÖX-in tikintisində maraqlıdır. "Biz Rusiya tərəfinin planları haqqında RAO YES-in törəmə şirkəti - İNTER RAO YES-in nümayəndə heyətinin səfəri zamanı konkret öyrənə biləcəyik. Səfər yaxın gələcəkdə baş tutacaq", - o qeyd edib.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]