...

ABŞ Azərbaycanı neft gəlirlərindən səmərəli istifadə etməyə çağırıb

Energetika Materials 19 İyun 2008 15:18 (UTC +04:00)
ABŞ Azərbaycanı neft gəlirlərindən səmərəli istifadə etməyə çağırıb

Azərbaycan, Bakı, 19 iyun / Trend , müxbir A.Bədəlova / ABŞ-ın Dövlət Departamentinin rəsmi saytında yerləşdirilən məlumatında bildirilir ki, ABŞ Azərbaycanı neft-qaz ixracatından artan gəlirləri səmərəli istifadə etməyə çağırır.

ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Deniel Frid (Daniel Fried) son üç ildə Azərbaycan iqtisadiyyatının dünya üzrə ən sürətli inkişaf göstəricilərinə malik olduğunu bildirib.

"Bu artım enerji resursları hesabına baş verir və bu, hökumət üçün yalnız böyük perspektiv demək deyil, həmçinin iqtisadi və siyasi sistemi təhrif etmədən və korlamadan böyük gəlir axınını idarə etmək kimi çətin vəzifə deməkdir", - deyə Frid bildirib.

Fridin sözlərinə görə, Azərbaycan hökuməti yeni müəssisələrin qeydiyyatı üçün "vahid pəncərə" prinsipinin tətbiqi yolu ilə biznes-mühitin yaxşılaşdırılması istiqamətində ilk addımlar atıb.

"Lakin Azərbaycanın biznes və sərmayə iqlimi hələ də ağır qalmaqda davam edir və qeyri-neft sektoruna xarici sərmayələrin cəlb olunması üçün çox işlər görmək lazımdır", - deyə o bildirib.

Frid Avropa üçün mövcud qısamüdətli alternativ qaz tədarükü mənbələrindən biri kimi də Azərbaycanın əhəmiyyətli rolunu qeyd edib.

"Azərbaycan qazı yeni boru kəməri şəbəkələrinin tikintisi üçün yol aça bilər, bu da inhisarçılığın deyil, məhz bazarın qiyməti və əsas malları müəyyənləşdirməsinə imkan yaradacaq. Azərbaycan enerji tədarükü mənbəyi kimi öz əhəmiyyətli rolunu inkişaf etdirməklə yanaşı, Rusiya, həmçinin Xəzər dənizinin şərq sahillərində olan qonşuları və Gücüstan ilə konstruktiv münasibətləri qoruyub saxlamaqdadır", - deyə Frid bildirib.

O həmçinin bildirib ki, ABŞ təhlükəsizlik, həmçinin enerji tədarükü və boru kəmərlərinin deversifikasiyasi sahələri üzrə əməkdaşlıq məsələləri üzrə Azərbaycanla münasibətlərdə son zamanlar müşahidə olunan irəliləyişləri alqışlayır.

"Azərbaycan prezidenti İlham Əliyevlə bizim yaxşı və məhsuldar münasibətlərimiz var. İqtisadi, eləcə də siyasi islahatlarda inkişaf isə bizim ümumi məqsədlərimizin reallaşması üçün vacibdir", - deyə o bildirib.

2008-ci ildə Azərbaycanda neft hasilatı 50 mln. tonu keçəcək. İxrac olunan neftin böyük hissəsi "Azəri-Çiraq-Günəşli" yatağının payına düşür. Sözügedən yataqda "Azeri Light" növlü xammal hasil olunur. Neft əsasən Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə ixrac olunur.

2008-ci ildə Azərbaycanda qaz hasilatı 15 mlrd. kub metri üstələyəcək. Azərbaycan Dövlət Neft Şirkəti bu il yataqlardan şəxsi vəsaitləri hesabına 8 mlrd. kub metr qaz, əcnəbi tərəfdaşlarla "Şahdəniz" layihə sahəsində 7,7 mlrd. kub metr qaz hasil edəcək. Qaz Cənubi Qafqaz qaz kəməri ilə ixrac olunur. "Şahdəniz" yatağından yanacağın alıcıları qismində Azərbaycan, Gürcüstan və Türkiyə çıxış edir.

Xəbər lenti

Xəbər lenti